Mənə elə gəlir ki, De Byazi Azərbaycan millisinə başçılıq etmiş ən pis məşqçidi. Yerli, əcnəbi fərqi olmadan ən pis. Hətta Yurçeviç, hətta və hətta Foqts belə bunun yanında dahidilər. Canninin meydanda nə etmək istədiyini nəinki azarkeşlər, mütəxəssislər, meydandakı futbolçular, heç özü də bilmir. Millimiz nə oynayır, strategiyası, fəlsəfəsi nədi, heyət hansı məntiqlə seçilir, əvəzetmələrin məntiqi nədi və başqa bu kimi onlarla sual var. Adamın müasir futbolun "m"-sından xəbəri yoxdu. Dünyada heç kim, Cəbəllütariq belə fiasko müdafiə futbolu oynamır. 

20 oyundu burdadı Azərbaycan və onun yarımçıq da olsa futbolu nədi, necədi öyrənə bilməyib, bilmədi. Hər həftə gəlib "Sumqayıt", ya da "Səbail"in oyunlarını izləməklə deyil. İzləmək başqadı, izlədiyindən nəticə çıxarmaq başqa. De Byazi bu qədər müddətdə başa düşmədi ki, Azərbaycan millisinə müdafiə futbolu oynatmaq xarakiridi, özünə və ona qarşı cinayətdi. Kimlə müdafiə olunursan, allenatore, Höccət, Bəhlul və Antonla? Mahir, Ramil və Rüfətlə hücum etmək daha doğru olmazdımı?
 
Əvəzetmə dedim, yadıma düşdü. Portuqaliya ilə ev matçımızda 46-cı dəqiqədə Qaranı meydandan çıxarıb düz 15 dəqiqə rəqibə "ağzımızı cırmaq" imkanı vermişdi. Yarımmüdafiəsində adını çəkəndə belə "ayağa durduğumuz" oyunçular olan Portuqaliyaya 15 dəqiqə ərzində meydanda "opornı"mız olmadan sərbəst oynama şansı yaratmaq hansı beynin məhsulu idi, bilmirəm. Yalnız portuqallar rəsmən bizi parçalamağa başlayanda müəllimə çatdı ki, nəsə düz etməyib, Ozobiçi çıxardıb müdafiənin önünü bağladı və oyun "relsə düşdü". 6 metr boyu olan irland müdafiəçilərinin önünə tək Əmrəlini qoyub, amma yerlə sürətli oyun əvəzinə cinahdan asmalar oynatması, bir ara Bədavi Hüseynovu cinah yarımmüdafiəçisi mövqeyinə qədər gətirməsi və bir sıra başqa fokusları da var. Çox sadalamaq olar.

Verdiyi absurd açıqlamalar haqda isə heç danışmıram, çünki bu, ayrı bir söhbətin, uzun bir monoloqun mövzusudu. 

Bu adamın "başı uçub". Azərbaycan millisindən gedəndə birdəfəlik futboldan getməsi çox doğru olar. Onun özü üçün, ilk növbədə. Pensiyaya hörmətli, izzətli, üzüsulu getmək üçün.

Hə, bir də bir şey: bu adamı ölkə futboluna calayanlar ictimaiyyət önündə cavab verməli, bu qədər pulun havaya sovrulmasının səbəbini izah etməlidilər.

Canni De Byazi, yaxşı yol. Gəldiyinə də, getdiyinə görə də sağ ol. İtalyanları sevirəm, səndə onlardan yalnız milliyəti qalıb. Kalçon bitib, sinyor. Daha yorma özünü, get, istirahət elə.

Arrivederci!

 

Kənan Məstəliyev