Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan “İdman menecmenti” magistr proqramının 1-ci kurs tələbələri üçün Moskva şəhərində 4 modul üzrə tədris prosesi davam edir. 

MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom Malqin, ASAPES-in prorektoru Təhminə Tağı-zadə, proqram rəhbəri, RMOU-nun prorektoru Nikolay Peşın, Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Anjelika Mirzoyeva, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova cıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Proqram çərçivəsində magistrantlara "İdman hüququ", "İdman marketinqi", "Milli idman tənzimlənməsi sistemləri" və "Antidopinq qaydaları" fənnləri tədris edilir. Bundan başqa, onlar üçün “Qazprombank” ASC-nin nümayəndələri ilə görüş, “İdman tədbirlərinin və təşkilatların sponsorluğu, uzunmüddətli tərəfdaşlıqların qurulması”, “İdman yarışlarının sponsorluğu, sponsorluğun aktivləşdirilməsi və azarkeşlərin cəlb edilməsi” mövzusunda mühazirələr, VTB Arenasına ekskursiya, "Maxima Park" Atçılıq Klubu, İrina Viner Gimnastika Sarayı ilə tanışlıq və Leonid Tyaqaçov xizək klubuna ziyarət də nəzərdə tutulub.