Cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirmiş qapıçı Asmir Beqoviç Bosniya və Herseqovina mətbuatına geniş müsahibə verib.

Rekord.az xəbər verir ki, İngiltərənin “Bornmut” klubuna məxsus olan 33 yaşlı futbolçu ötən ay transfer olunduğu İtaliya “Milan”ındakı vəziyyətindən danışarkən, Ağdam təmsilçisindən də söz açıb:

“Milan"da rəqabət yüksəkdi. Buna görə də ehtiyatda qalmaq formama mənfi təsir göstərmir. "Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur. "Həm klubda, həm də şəhərdə hamıdan razıyam. Komandadakı insanlar maşın və ev tapmaqda mənə çox kömək etdilər. "Milan" böyük klubdu və gözləntilər yüksəkdi. Klubun gözəl ənənəsi var. Bu komandanın bir parçası olduğum üçün şadam. Şəhər əladı. Amma indi oyun qrafikimiz sıx olduğundan, daha çox məşq etməli oluruq. Digər işlərə az vaxt qalır".

Beqoviç yığmaya mümkün qayıdışı barədə də danışıb: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdı".