Avarçəkənlərin Neftçalada təlim-məşq toplanışı baş tutdu
- 09 Sen 2022 14:18
- 444
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərin Neftçala rayonunda təlim məşq toplanışını təşkil edib. 9 sentyabr saat 12-də start götürən toplanış öncəsi tədbirin rəsmi hissəsi baş tutub. Açılış mərasimində Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və AKAF-ın baş katibi Fərhad Əliyev çıxış edib. Rəsmi çıxışlar zamanı Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevin gənclərə, idmana və idmançılara qayğısı xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin böyük dəstəyinin nəticəsidir ki, bu gün Azərbaycanda digər idman növləri ilə yanaşı avarçəkmə də sürətlə inkişaf edir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra avarçəkənlərin Axmaz göldə təlim-məşt toplanışına start verilib. Neftçala sakinlərinin də izlədiyi məşq prosesi böyük maraqla qarşılanıb. Milli komandanın Bakıdan və Mingəçecirdən olan üzvlərinin məşqinin ardınca neftçalalı yeniyetmə və gənclər avarçəkmə üçün nəzərdə tutulan təlim qayıqlarında avar çəkiblər.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prioritetlərindən biri ölkə ərazisində avarçəkmə idman növünün coğrafiyasını genişləndirməkdir. Həmçinin bu idman növündə kütləviliyin təmin olunması, avarçəkməni yeniyetmə və gənclərimiz üçün əlçatan etmək planlara daxildir. Bu sayədə gələcəkdə daha çox peşəkar idmançı yetişdirmək şəraiti olacaq. Nəticədə milli komandaya idmançı seçimi üçün geniş imkanlar yaranacaq. Neftçalada təşkil olunan təlim-məşq toplanışı da bu planlar çərçivəsindədir. Tədbirin təşkili Neftçala və ətraf rayonlarda avarçəkməyə olan marağı daha da artırmaq məqsədi daşıyır.
Onu da bildirək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.