Avarçəkmə uzun illər sonra yenidən Bakı sularında
- 01 İyn 2022 19:19
- 463
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası mətbuat konfransı təşkil edib.
Rekord.az xəbər verir ki, dənizkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidenti Fərid Əmirov və baş katibi Fərhad Əliyev iştirak edib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov federasiyanın 2022-ci ildə gördüyü işləri yüksək dəyərləndirib. O, 6-7 mayda təşkil edilən “Prezident kuboku-2022” beynəlxalq reqatasının əhəmiyyətini xüsusi vurğulayıb. Elnur Məmmədov həmçinin Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına gələcək işlərində uğur arzu edib.
Daha sonra çıxış edən federasiya rəsmiləri AKAF-ın 2022-ci ildə gördüyü işlər və gələcək planları haqqında məlumat verib.
Qeyd olunub ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən tədbir zamanı ölkənin müxtəlif regionlarında uşaqlarla mütəmadi olaraq səyyar görüşlər keçiriləcək. Burada əsas məqsəd uşaqlar və yeniyetmələr arasında avarçəkmə idmanına marağı artırmaq və kütləviliyi təmin etməkdir. 1 iyundan etibarən isə bulvar ərazisində “Kiçik Venesiya şəhərciyi”ndə avarçəkmə məşqləri keçiriləcək. Hazırda Bakı Bulvarında dəniz avarçəkməsinin tələblərinə uyğun ərazini müəyyənləşdirmək üçün mütəxəssislər işləyirlər. Yaxın zamanda Bakıda dəniz avarçəkməsinin inkişafına başlanılacaq.
Həmçinin cari il ərzində federasiyanın gördüyü işlər barədə də media nümayəndələrinə məlumat verilib. Bildirilib ki, federasiyanın rəsmi adı və loqotipi dəyişdirilib. Yanvarın 29-da Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər Gününə həsr edilən “Gənclər kuboku” keçirilib. Koronavirus pandemiyasından sonra baş tutan həmin yarışın təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq olub. Novruz Bayramı ərəfəsində AKAF işğaldan azad olunmuş torpaqlarımızda idmançıların genişmiqyaslı ilk təlim-məşq toplanışını keçirib. Toplanışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəxsən izləməsi federasiya üçün böyük qürur olması ilə yanaşı, məsuliyyəti də artırıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk beynəlxalq yarışı da Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən “Prezident kuboku-2022 ” beynəlxalq reqatasının ilk günü Suqovuşan su anbarında baş tutub.
Mətbuat konfransı zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yeni rəsmi saytı (akaf.az) ictimaiyyətə təqdim olunub.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutan tədbirin sonunda avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdirilib.