AVF Avropa qurumu ilə 2020-2024-cü illəri əhatə edən müqavilə imzaladı
- 19 Dek 2019 14:25
- 876
Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi nəzərdə tutur. AVF-dən "Rekord.az"a verilən məlumata görə, bununla bağlı qurumun baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov CEV prezidenti Aleksandr Boriçiçlə görüşdə bir sıra mühüm məsələləri müzakirə ediblər.
Görüşdə Azərbaycanda voleybolun daha da inkişaf etməsi baxımından yeni müqaviləyə imza atılıb. Uşaq voleybolunun inkişafı ilə bağlı olan bu müqavilə 2020-2024-cü illəri əhatə edəcək.
Burada uşaqların voleybola cəlb olunması, bu idman növünü aktiv həyat tərzinə çevirməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb. Şərtlərə uyğun olaraq, CEV və AVF tərəfindən seçiləcək orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq.
Həmçinin 4 il müddətində Bakıda və bölgələrdə CEV tərəfindən təyin olunacaq voleybol mütəxəssisləri seminarlar da keçirəcəklər. Bunlar gənc nəslin yetişməsi ilə yanaşı, mütəxəssislərin də savadının artırılmasına hesablanıb.
CEV prezidenti A.Boriçiç görüşdə buna şad olduğunu və bu müqavilənin Azərbaycan voleybolunun inkişafında böyük rol oynayacağına inandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda bu idman növünün yüksəlməsi istiqamətində yerli federasiya tərəfindən görülən işlər diqqət mərkəzindədir.
Qeyd edək ki, AVF rəsmiləri görüşdən öncə bölgələrdə və Bakıda orta məktəb müəllimləri ilə bir araya gələrək, voleybol qrupları olan məktəblərin siyahısını hazırlayıb.