AVF bölgələrdən olan məşqçilərə sertifikat verdi
- 05 Avq 2023 20:26
- 319
Bakıda voleybol məşqçiləri üçün keçirilən seminar başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) 3-5 avqust tarixlərində təşkil etdiyi seminar yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçirilib. Seminar AVF-də və Zuğulba tədris idman bazasında baş tutub. Nəzəriyyə və təcrübə hissəsindən ibarət olan seminarda 5 rayondan ümumilikdə 8 məşqçi-müəllim iştirak edib.
Bu gün isə Voleybol Mərkəzində iştirakçılara AVF-nin sertifikatları verilib. Sertifikatları AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma təqdim ediblər. Federasiya rəsmiləri iştirakçıları seminarı uğurla başa vurmaları münasibətilə təbrik ediblər. Qonaqlar mütəxəssisləri hər zaman federasiya ilə əməkdaşlıq etməyə çağırıb və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Ardınca seminar iştirakçıları Azərbaycan və Belarus yığmaları arasında keçirilən yoxlama matçını izləyiblər.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd voleybolun inkişaf etdirilməsi, bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir. AVF-nin bu cür seminarları digər rayon və şəhərlərdən olan məşqçi-müəllimlər üçün də təşkil ediləcək.