AVF-də klub rəhbərləri və məşqçilərlə görüş keçirilib
- 10 Avq 2023 20:56
- 413
Bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) 15 yaşadək qızlar arasında seleksiya məşqlərinin yekunu ilə bağlı görüş keçirilib. "Rekord.az" xəbər verir ki, tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov, icraçı direktor Vidadi Hacıyev və Şahin Çatma, eləcə də yeni mövsümdə ölkə çempionatında çıxış edəcək klub prezidentləri, uşaq və yeniyetmə voleybolçularla çalışan mütəxəssislər iştirak ediblər.
Görüşdə seleksiya məşqlərinin nəticələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, seleksiyada 50-dən artıq uşaq seçilib və onlar "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə göndəriləcəklər. Qeyd olunub ki, voleybolçuların seçimində məqsəd gənc komandaların yaradılması və beynəlxalq yarışlarda iştirak etməkdir.
Çıxış edən federasiya rəsmiləri seleksiya məşqləri ilə bağlı fikirlərini bölüşüblər. Seçilən uşaqların komandaların altyapısının formalaşması prosesinə cəlb edilməsi ilə bağlı klub rəhbərlərinə tövsiyələr verilib.
Eyni zamanda, bildirilib ki, paytaxtda və müxtəlif bölgələrdə çox sayda hündür boy, voleybolla məşğul olan qız və oğlanlar müəyyənləşdirilib. Onların professional olaraq voleybol oynamaları və gələcəkdə milli komandalarımıza cəlb edilmələri üçün federasiya lazımi işləri görəcək. Strateji inkişaf planına uyğun olaraq AVF-də, həmçinin klublarda akademiyalar yaradılmalıdır. Bu istiqamətdə federasiya və klubların birgə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.
Görüşdə uşaq voleybolçularla çalışan məşqçilərə də təşəkkür bildirilib. Qeyd olunub ki, yaxın gələcəkdə məşqçilər üçün bonus sisteminin tətbiqi də nəzərdə tutulur. Belə ki, milli komandalara daha çox oyunçu yetişdirəcək mütəxəssislər federasiya tərəfindən mükafatlandırılacaq. Belə görüşlərin hər həftə keçiriləcəyi əlavə olunub.
Daha sonra klub rəhbərləri və mütəxəssislər çıxış ediblər, uşaq voleybolunun inkişafı istiqamətində müzakirələr aparıblar.