Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçi-müəllimlər üçün növbəti “1-ci dərəcə” məşqçi kursu təşkil edir. "Rekord.az" xəbər verir ki, Gəncədə təşkil olunan bu dəfəki kurs yanvarın 16-da start götürüb.
Gəncə OİK-də keçirilən və yanvarın 20-dək davam edəcək kursda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edir. Nəzəri və praktik hissələrdən ibarət dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçir. Kursda iştirakçılara AVF-nin Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova idman təhlükəsizliyi haqqında da ətraflı məlumat verəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.