AVF növbəti dəfə düşərgə təşkil edib
- 22 Fev 2024 11:00
- 242
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, federasiya bu işlər çərçivəsində “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgələri təşkil edir. Növbəti düşərgə bu gün Sumqayıt şəhərində start götürüb.
Fevralın 23-dək davam edəcək düşərgə Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunub. Burada 40-a yaxın (14 yaşadək) istedadlı yeniyetmə qız iştirak edir. Bu voleybolçular Sumqayıt regional voleybol klubuna daxil olan ətraf bölgələrdə keçirilmiş seleksiya tədbirlərində seçiliblər.
Düşərgəyə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma rəhbərlik edir. Ona Hamid Anvari və RVK-nın məşqçiləri kömək edirlər. Düşərgədə gündə 4-7 saat məşqlər keçiriləcək və uşaqlara voleybolun incəlikləri öyrədiləcək. Həmçinin idmançıların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.
Qeyd edək ki, bu AVF-nin fevralda keçirdiyi 3-cü düşərgədir. Artıq Gəncə-Tovuz RVK-larında və Naxçıvan Muxtar Respublikasında belə düşərgələr təşkil edilib. Sonda düşərgələrdə fərqlənəcək istedadlı voleybolçular Bakıda keçiriləcək düşərgələrə cəlb olunacaqlar.