AVF rəhbərliyi yeniyetmə idmançılarla görüşdü
- 05 İyl 2024 10:43
- 291
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində, həmçinin yeniyetmə və gənc voleybolçular üçün təlim-məşq toplanışında olub. "Rekord.az" xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.
İlk olaraq AVF-nin idman zalında təşkil olunan düşərgədə, ardınca isə GİN-nin Voleybol Mərkəzində təlim-məşq toplanışında məşqçilərlə və idmançılarla görüşən federasiya rəhbərliyinə düşərgə və təlim-məşq toplanışının proqramı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə keçirilir, burada iştirakçılar üçün hər cür şərait yaradılıb.
Ş.Bağırov federasiya tərəfindən uşaq voleybolunun inkişafı üçün bu cür məşqlərin, düşərgələrin davamlı təşkil olunacağını deyib. Federasiya rəhbəri idmançılara məşqlərə ciddi yanaşmalarını, öz üzərlərində çox çalışmalarını və məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirmələrini tövsiyə edib.
Sonda xatirə şəkli çəkilib.