Azərbaycan Voleybol Federasiyası (AVF) 2024-2025-ci illər mövsümünün başlanması ilə bağlı tədbir keçirib. "Rekord.az" xəbər verir ki, “Hyatt Regency” otelində təşkil olunan tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, AVF-nin İdarə heyətinin üzvləri, federasiyanın əməkdaşları, klub rəhbərləri, nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Şahin Bağırov iştirakçıları salamlayıb. O, AVF-nin fəaliyyətindən danışıb, ölkə çempionatının ötən mövsümünün yekunları, eləcə də regionlarda voleybola marağın artırılması, uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən layihələr və il ərzində görülən digər işlər barədə ətraflı məlumat verib.

Tədbirdə voleybolla bağlı, həmçinin ötən mövsümün yekunlarına və keçirilən tədbirlərə həsr olunmuş videoçarxlar nümayiş edilib.

Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək qadınlar və kişilər arasında ölkə kuboku və Yüksək Liqa yarışlarının püşkatma mərasimi start götürüb. Əvvəlcə kubok və ölkə çempionatları haqqında ətraflı məlumat verilib, yarışların keçirilmə qaydaları ilə bağlı təqdimat nümayiş olunub. Bildirilib ki, ölkə kuboku qrup (iki qrup) və pley-off mərhələlərindən ibarət olacaq. Çempionatda isə komandalar dairəvi sistem üzrə dörd dövrədə və pley-off mərhələsində mübarizə aparacaqlar.

Sonra yarışların püşkatması keçirilib.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.