Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi C qrupunda yer alan komandamız ilk oyununda Çexiya ilə üz-üzə gəlib. 

Görüş bərabər səviyyəli mübarizə ilə başlayıb. Birinci set daha yaxşı oynayan voleybolçularımızın üstünlüyü ilə yekunlaşıb. Bundan sonra komandamız təşəbbüsü tam ələ alıb. Növbəti hissələrdə rəqibə heç bir şans verməyən xanımlarımız müvafiq olaraq 25:10 və 25:15 hesabları ilə qalib gəliblər.

Beləliklə, Ataman Güneyligilin komandası qitə birinciliyində ilk matçında Çexiyanı quru hesabla məğlub edib və ilk üç xalını qazanıb.

Qeyd edək ki, millimiz növbəti görüşünü sabah meydan sahibi Almaniyaya qarşı keçirəcək.