Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü il 15 avqust - 3 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq.

Yığmamız AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qeyd edək ki, 33-cü qitə birinciliyində ümumilikdə 24 yığma mübarizə aparacaq. Komandalar hərəsində 6 kollektiv olmaqla 4 qrupda yarışacaqlar. A qrupuna Belçika, B qrupuna İtaliya, C qrupuna Almaniya, D qrupuna isə Estoniya ev sahibliyi edir. Qruplarda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə adlayacaqlar. Ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində iştirak hüququ qazanan millimiz qrupda ilk dörd yerdən birini tutacağı təqdirdə 1/8 finala yüksələcək. Bizim qrupdan çıxacaq komandalar bu mərhələdə A qrupundan gələcək kollektivlərlə yarışacaq. Belə ki, qrup birinciləri digər qrupun dördüncüləri ilə, ikinci yeri tutacaq yığmalar isə üçüncülərlə qarşılaşacaq.

AVRO-2023-də millimizin yer aldığı C qrupunun təqvimi

17 avqust

   Yunanıstan - Almaniya 

18 avqust

   Türkiyə - İsveç

   Azərbaycan - Çexiya

19 avqust

   İsveç - Yunanıstan

  Azərbaycan - Almaniya

20 avqust

   Yunanıstan - Çexiya

   Türkiyə - Azərbaycan

21 avqust

   Çexiya - Türkiyə

   Almaniya - İsveç

22 avqust

   Azərbaycan - Yunanıstan

   Almaniya - Çexiya

23 avqust

   İsveç - Azərbaycan

   Yunanıstan - Türkiyə

24 avqust

   Çexiya - İsveç

   Türkiyə - Almaniya