Avropa çempionatının ilk günündə 2 final
- 20 May 2024 22:19
- 239
Bu gün güləş üzrə U-23 Avropa çempionatına start verilib.
Rekord.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da mübarizə baş tutub. Xalçaya çıxan 5 güləşçimizdən ikisi finala yüksəlib. Daha ikisi isə bürünc medal uğrunda mübarizə aparacaq.
55 kq
Məsul yarışa 1/4 finaldan start verən Rəşad Məmmədov belaruslu Maksim Stupakeviçə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub – 0:8. Məmmədov sabah bürünc medal uğrunda ukraynalı İvan Stefanskiylə güləşəcək. Bu çəkidə finalda isə Toxadzenin rəqibi türkiyəli Emre Mutlu olacaq.
63 kq
Ziya Babaşov polşalı Mairbek Səlimova 4:1 hesabıyla qalib gəldikdən sonra belaruslu Talibşo Xaybarovu tam üstünlüklə (8:0) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə istailli Abere Fetene üzərində 5:3 hesablı əzmkar qələbə qazanan Babaşov 2 illik fasilədən sonra yenidən U-23 Avropa çempionatının finalına yüksəlib. Ziya çempionluq uğrunda moldovalı Vitali Yeriomenkoyla mübarizə aparacaq.
77 kq
Xasay Həsənli 1/8 finalda rusiyalı İsmayıl Baraxoyevdən güclü olub – 6:2. Ukraynalı İrfan Mirzoyevi (10:2) vaxtından əvvəl xalçadan məyus yola salan həmyerlimiz yarımfinalda prinsipial görüşə çıxıb. Ötən il U-23 Avropa çempionatının və dünya çempionatının finalında məğlub olduğu moldovalı Aleksandrin Qutudan (7:0) revanş alan Həsənli adını finala yazdırıb. Beləliklə, Xasay ardıcıl 3-cü dəfə U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb. Milli üzvü doğma arenada himnimizi səsləndirmək üçün türkiyəli Yüksel Sarıçiçek üzərində qələbə qazanmalıdır.
87 kq
Laçın Vəliyev təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə uduzub – 0:9. Bolkvadze finala yüksəlib və rusiyalı Aues Qonubova rəqib olub. Həmyerlimiz isə sabah təsəlliverici görüşdə rumıniyalı Patrik Qordonla qarşılaşacaq.
130 kq
Mübarizəyə 1/4 finaldan qoşulan Sərxan Məmmədov 1/4 finalda rusiyalı Dmitri Baborikoya 0:3 hesabıyla məğlub olub. Ən ağır çəkidə finalda Mixaylo Vişnivetski (Ukrayna) ilə Simon Laşlo (Macarıstan) üz-üzə gələcək.
Xasay Həsənli yarımfinalda moldovalı Aleksandrin Qutuya texniki üstünlüklə (7:0) qalib gələrək Avropa çempionatının finalına yüksəldi.
Bu gün həmçinin ilk dəfə Bakıda keçirilən U-23 Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib. Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra dövlət himni səsləndirilib. Daha sonra yarışla bağlı qısa məlumat verilib və mərasimin rəsmi hissəsində Dünya Güləş Birliyinin (UWW) Büro üzvləri Namiq Əliyevlə Karl-Martin Dittman çıxış edib. UWW Avropanın prezidenti vəzifəsini də icra edən Dittman Azərbaycan Güləş Federasiyasının vitse-prezidentinə UWW-nin xatirə hədiyyəsini təqdim etdikdən sonra yarışı açıq elan edib. Tədbirin bədii hissəsində isə “Talant şou” rəqs qrupu maraqlı kompozisiya ilə izləyicilərin zövqünü oxşayıb. Bununla da açılış mərasiminə yekun vurulub.
Xatırladaq ki, qitə birinciliyi mayın 26-dək davam edəcək.