Avropa Liqasının 2 oyunu təxirə salındı
- 12 Mar 2020 11:20
- 667
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinə görə bu qərar qəbul edilib.
Yeri gəlmişkən, 1/8 final mərhələsinin ilk oyunlarından daha ikisi koronavirusun yayılma təhlükəsi ilə əlaqədar azarkeşsiz keçiriləcək. Bunlar LASK (Avstriya) - "Manşester Yunayted" (İngiltərə) və "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) matçlarıdı.
UEFA-nın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Müvafiq hökumət orqanlarının koronavirusa qarşı qərarlarına uyğun olaraq, Avropa Liqasının daha 2 görüşü qrafiklə, amma bağlı qapılar arxasında təşkil olunacaq".
Oyunlar martın 12-də keçiriləcək. Təxirə salınmış qarşılaşmaların nə vaxt baş tutacağı isə hələ bilinmir.