Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.

Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Məhəmməd Abdullayev də bu gün növbəti görüşünü keçirib. 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nikoloz Beqadze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Abdullayev 1/4 finala vəsiqə qazanıb.

Eyni uğuru Sərxan Əliyev də təkrarlayıb. 71 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Eskerxan Madiyevlə (Gürcüstan) üz-üzə gəlib. Rəqibinə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb.

Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Daha öncə Murad Allahverdiyev (80 kq) də bu hüquqa yiyələnmişdi. 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

Azərbaycanın iki qadın boksçusu Aynur Rzayeva və Anaxanım İsmayılova isə mübarizəni dayandırıb. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Almaniya təmsilçisi İrina Nikoletta Şoenberqer və Rita de Pinyo Soares (Portuqaliya) ilə duellərdən məğlub ayrılıblar.