“Ayaks”ın futbolçusu rəsmən ABŞ klubunda
- 21 Fev 2020 14:22
- 614
“Ayaks” təcrübəli futbolçularından biri olan Sim de Yonqla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ABŞ-ın “Çinçinatti” klubuna transfer olunub.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma De Yonq “Çinçinatti”yə azad agent statusunda keçib. Halbuki, onun “Ayaks”la 2020-ci ilin yayına kimi müqaviləsi var idi. Niderlandlı oyunçunun məhz bu müqavilənin müddəti bitəndən sonra, yayda ABŞ-a yollanacağı iddia olunurdu. Lakin klublar bu transferlə bağlı elə indi razılığa gələ biliblər və “Ayaks” təcrübəli yarımmüdafiəçisini pulsuz buraxmağa razılaşıb.
Qeyd edək ki, Niderland yığmasında da oynamış Sim de Yonq “Ayaks”ın öz yetirməsidi. O, bu klubda 277 oyun keçirib, 88 qol vurub, 52 məhsuldar ötürmə müəllifi olub. Millidə isə 6 oyuna 2 qol vuran hücumameylli yarımmüdafiəçi karyerası ərzində qısa müddət “Nyukasl”, PSV və “Sidney” kimi klubların da uğurları üçün çalışıb.