“Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a
- 13 Apr 2020 14:00
- 1741
Bir neçə gün əvvəl Arzu Mirzəyevin sport7.az saytına açıqlamasında səsləndirdiyi cümlə diqqətimi çəkmişdi: “Azərbaycanın Pro kateqoriyalı, millidə, Hindistanda işləmiş gəncəli məşqçisi Amerikada "taksovatlıq” edir”. Və elə bu cümlə söhbətin kimdən getdiyini müəyyənləşdirməyə kifayət etmişdi. Ötən mövsüm birinci divizionda “can verən” “Kəpəz”ə Etibar İbrahimov rəhbərlik edirdi. Vaxtilə “Kəpəz”də, U-15, U-16, U-17, U-19 yığmalarında köməkçi məşqçi kimi çalışmış, Hindistanın U-17 yığmasında Nikolay Adamın “sağ əli” olmuş, Pro kateqoriyasına sahib əsl gəncəli balası.
Lakin mövsüm bitəndən sonra “Kəpəz”dəki futbolçuların böyük əksəriyyəti kimi 42 yaşlı mütəxəssis də komandanı tərk etdi. Hamı kölgəyə çəkildi, “Kəpəz” yenidən yığıldı, baş məşqçisi də Yaşar Vahabzadə oldu. O gün-bu gün, Etibar İbrahimovdan səs-soraq yoxdu. Halbuki heç vaxt işsiz qalmazdı.
Nə isə, başağrısı vermədən keçək Gəncədə axtarıb, Miçiqanda tapdığımız Etibar İbrahimovla söhbətə.
2-ci hissə
- Arzu Mirzəyev mətbuata açıqlamasında “Azərbaycanın Pro kateqoriyalı, millidə, Hindistanda işləmiş gəncəli məşqçisi Amerikada "taksovatlıq” edir” sözlərini dilə gətirib. Həmin şəxs sizsiz?
- Yəqin ki məni nəzərdə tutub. Çünki Amerikada yığmalarda işləmiş Pro kateqoriyalı başqa azərbaycanlı məşqçi yoxdu, səhv etmirəmsə. Eşitsəz ki, Etibar İbrahimov ailəsini dolandırmaq üçün taksi sürür, ya da hamballıq edir, buna qətiyyən təəccüblənməyin. Etibar kişidi, kişi isə əlinin zəhməti, alnının təri ilə ailəsini dolandırmalıdı. Öhdəmdə dörd oğul övladı varsa, mən bunu özümə ayıb bilmirəm. Əlbəttə, “Ayntraxt”ın akademiya planı alınsaydı, əla olardı. Amma o alınmadısa, boş dayanmaq mənasızdı. Onsuz da bu gün nə ABŞ-da, nə də Azərbaycanda futbol var. Yaşamaq, kimsəyə möhtac qalmamaq üçün mütləq bir iş görməlisən.
- Deyilənə görə, ABŞ-da taksi fəaliyyəti ilə məşğul olanlar kifayət qədər yaxşı qazanır.
- Elədi. Yaxşı yox, əla qazanırlar. Əfsuslar olsun ki, mən taksidə deyiləm. Şirkətlərin birində çatdırılma xidməti ilə məşğulam. Belə deyim, sürücüyəm.
- Taksidə daha çox qazanc varsa, niyə məhz çatdırılma xidmətində?
- Çünki taksi fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi sənəd lazımdı. Ən azı 1 il burda yaşamalısan. Uzun prosesdi.
- Yəqin ki, bu gün Amerikadakı qazancını Azərbaycanda məşqçilik edən həmkarlarının maaşından çoxdu.
- Elədi. Adı üstündədi, Amerika. Həm də gəlir və məsrəf söhbəti də var. Ona görə də burda qazanc daha çoxdu.
- Danışdıqlarınızdan belə başa düşdüm ki, ABŞ-a yollanmağınız heç də vətəndəki işsizliklə bağlı olmayıb.
- Xeyr-xeyr, qətiyyən. Allah şahiddi ki, mövsümün əvvəlində kifayət qədər yaxşı təkliflərim vardı. Hətta təkliflərin biri premyer-liqa səviyyəsindəydi. Yaxşı maaş, Bakıda ev və avtomobil. Sadəcə, “Ayntraxt”da çalışmaq istəyinə görə razılaşmadım.
- Bu gün ABŞ-da kifayət qədər tanış futbol adamı yaşayır: Aron Zərbəliyev, Elşən Qəmbərov, Ansi Aqolli. Hətta müğənni Elariz də o tərəflərdədi.
- Mən Virciniyadayam, onlar başqa ştat və şəhərlərdə. Yalnız Elşənlə bir dəfə telefonla danışmışıq. Onun adına sevinirəm, futbol məktəbi açıb, gələcək üçün futbolçular yetişdirməklə məşğuldu. Açığı, mənim də belə bir planım vardı. Burda bir nəfərlə tanış olmuşdum, Bakıda doğulub, əslən yəhudidi. Futbolla maraqlanır, futbolu sevir, üstəlik, rus dilini də yaxşı bilir. Biznesmendi, Çin və digər Asiya ölkələrində Amerikaya mal gətirir. Həmin şəxslə ətraflı söhbətimiz oldu, özünə də maraqlı gəldi. Sadəcə, koronavirusa görə bu söhbət də müvəqqəti dayandı.
- Nə əcəb uşaqlara məşq keçmirsiz? Bildiyimə görə, məşqin 1 saatı 20-25 dollar dı, yəni günə 150-200 dollar qazanmaq olar. Az məbləğ deyil.
- Daha dəqiq deyim, 1 saatı 35 dollardı (gülür). Dediyiniz işi də yoxladım. Lakin bu iş hər günü əhatə etmir. Yalnız şənbə və bazar günləri üçün keçərlidi. Cəmi iki məşqdən sonra emailimə saysız müraciətlər daxil oldu. Sadəcə, Amerikada daim məşqçilik etmək üçün iki yol var: ya “qrin kart”ın olmalıdı, ya da başqa variant. Mən də həmin varianta görə pasportumu korlamaq istəmirəm. Ona görə də uşaqlara məşq keçmək işi alınmadı. Çünki qeyri-rəsmi iş görmək istəmirəm. Belə işdə çalışmaq üçün işçi vizası olmalıdı.
- Yəni futbol sahəsində çalışmağınız mümkün deyil?
- “DC Yunayted”lə söhbətimiz yarımçıq qalıb. Karantin dövrünün başa çatmasını gözləyirəm. MLS təmsilçisi ilə danışıqlar mübsbət sonuclansa, həm işçi vizası ala bilərəm, həm də ailəmi gətirərəm. Açığı, burda qalmağımın əsas səbəblərindən biri “DC Yunayted”dən cavab gözləməyimdi.
- ABŞ-da qalmaqda israrlısız?
- İsrarlıyam deməzdim. Hava yolları açılsın, Nikolay Adam Sinqapura yollanıb danışıq aparacaq. Şərtlər hər iki tərəfi qane etsə, orda çalışacaq və mən də ora yollanacam. Açığı, BƏƏ-dən də təklif var. Vaxtilə Azərbaycanda çalışmış şəxsdi, ola bilsin, onun vasitəçiliyi ilə Dubaya yollanım. Bu məsələyə indi yox, yayda aydınlıq gələcək. Yəni futbolla bağlı yaxşı təklif alsam, təbii ki, burda qalmayacam. Bu gün Amerikadakı qazancım məni tam qane etsə də, futbol və karyera mənim üçün hər şeydən önəmlidi. Futbol üçün illərimi vermişəm, bu səviyyəyə gəlib çıxmışam. Sadəcə, çıxılmaz vəziyyət yarandı, ardınca da koronavirus və karantin planları pozdu.
- Okeanın o tayına yollandığına görə peşman deyilsiz?
- Xeyr, zərrə də qədər də. Məni narahat edən yeganə məqam bu cür həssas məqamda ailə-uşaqdan uzaq düşməyimdi. Düzdü, hər gün “vatsap”la danışırıq, amma yanlarında olmaq başqa şeydi. Həyatın hər cür üzü var, hamısını görməliyik. Ona sevinirəm ki, dünyada işlərin çətin getdiyi zamanda 5 manat qazanıb, ayaq üstə durmağı bacarıram. ("Futbol plus" qəzeti)