Ayşən Abduləzimova: "Avropa çempionatında yaxşı nəticə göstərməyə çalışacağıq"
- 09 May 2023 17:33
- 478
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova formasını geyindiyi Macarıstanın "Vasas" klubu ilə ölkə çempionatının qızıl medalını qazanıb. Millimizin və "Vasas"ın kapitanı ilə əlaqə saxlayıb son mövsüm, eləcə də millimizin çıxış edəcəyi qitə birinciliyi ilə bağlı fikirlərini öyrəndik. Təcrübəli blokçumuzun "Rekord.az"a müsahibəsini təqdim edirik:
- İlk olaraq səni Macarıstan çempionu olmağın, eləcə də bir müddət əvvəl Macarıstan kubokunu qazanmağın münasibətilə təbrik edirik.
- Təbriklərə görə çox sağ olun. Bilirəm ki, Azərbaycanda mənim oyunlarımı izləyənlər, maraqlananlar var idi. Dəstək olan hər kəsə təşəkkür edirəm.
- "Vasas"la bu il iki titul qazandın, Çempionlar Liqasının təsnifatını keçərək qrup mərhələsinə yüksəldin, həmçinin bir neçə yoldaşlıq turnirinin qalibi oldun. Şübhəsiz, bu mövsümün də uğurlu alındığını deyə bilərik. Bəs sən özün mövsümü necə dəyərləndirərsən?
- Mövsüm çətin keçdi, oyunlarımızın sayı kifayət qədər çox oldu. Milli komandamızla ötən il İslam Oyunlarında, ardınca isə Avropa çempionatının seçmə mərhələsində mübarizədən sonra cəmi bir həftə istirahət etmək imkanım olmuşdu. Sonra “Vasas”ın məşqlərinə qoşuldum. Mövsüm öncəsi Yunanıstanda beynəlxalq hazırlıq turniri oynadıq və qalib olduq, həmçinin Macarıstanda təşkil edilən daha bir hazırlıq yarışında iştirak etdik və burada da qızıl medal qazandıq. Sonra Çempionlar Liqasında təsnifatda mübarizəyə başladıq və qrup mərhələsinə yüksəldik. Mövsümdə üç yarışda çıxış etdik. ÇL-də daha irəli gedə bilməsək də, Macarıstan kubokunu qazandıq və ölkə çempionu olduq. Mövsüm bizim üçün uğurlu alındı, deyə bilərəm.
- Çempionlar Liqasının qrup mərhələsində rəqibləriniz kifayət qədər güclü idi. "Vasas" pley-offa çıxmasa da, mübarizəni CEV kubokunda davam etdirəcəyi gözlənilirdi. Səncə niyə avrokubokda mübarizə sizin üçün tez başa çatdı?
- Bilirsiniz ki, ÇL-də bütün rəqiblər güclüdür və oyunlar çətin olur. Dünyanın ən güclü klublarından olan İtaliyanın “Conegliano” kollektivi ilə oynadıq. Düşünürəm ki, qələbə qazana bilməsək də, komanda olaraq yaxşı oyun sərgilədik. Güclü rəqiblərə kifayət qədər müqavimət göstərdik. Əlbəttə, daha yaxşı nəticə göstərə bilərdik, lakin qitənin ən nüfuzlu yarışında oynamaq da asan deyil. Bizim ən böyük şansımız ev oyunları idi. Polşa və Fransa klublarını öz evimizdə məğlub edə bilsəydik daha rahat olardı, amma bunu edə bilmədiyimiz üçün səfər qarşılaşmaları da daha çətin keçdi. Fikrimcə, həyəcan və ÇL təcrübəsinin azlığı da bizə mane oldu.
- Dörd mövsümdür ki, Macarıstanda çıxış edirsən. Şərəfini qoruduğun komanda, ümumiyyətlə, Macarıstan, yerli əhali haqqında nə deyə bilərsən?
- Bəli, artıq dörd mövsümdür ki, Macarıstandayam, bura çox xoşuma gəlir. Macarıstan voleybolu da ildən-ilə inkişaf edir, daha da irəli gedir. Mənim çıxış etdiyim “Vasas” klubu da ciddi inkişaf edir. Bura gəldiyim ilk illə müqayisədə komandanın hazırda kifayət qədər inkişaf etdiyi də göz qabağındadır. İşə daha professional yanaşılır, qarşıya daha böyük hədəflər qoyulur. Əhali haqqında isə deyə bilərəm ki, istiqanlıdırlar. Elə bizim klubun azarkeşlərini misal göstərə bilərəm. Hər zaman bizə ən yüksək səviyyədə dəstək olurlar. Bizim qələbələrimizdə məhz onların da böyük payı var. İstər udanda, istərsə də məğlub olan dəstəklərini əsirgəmirlər, heç vaxt özümüzü meydanda tək hiss etmirik. Onlara da təşəkkürümü bildirirəm.
- Yeni başa çatan klub mövsümü əvvəlki illər kimi gərgin keçdi, oyunların sayı kifayət qədər çox oldu, bu da əlbəttə fiziki olaraq səni çox yorub. Hazırda səhhətin necədi, zədələrin varmı?
- Mövsüm doğrudan da çətin keçdi. Kubokun finalında çox gərgin oyun oldu, 3:2 udduq və kuboku qazandıq. Çempionatda isə cəmi bir oyunda məğlub olmuşuq. Qürur duyuram ki, belə bir əzmkar komandamız, oyunçularımız var. Sonlara doğru çox yorulmuşduq, lakin davam etməliydik. Məqsədimiz ötən ildəki kimi bu dəfə də bütün titulları qazanmaq idi, çox şükür bunu bacardıq. Əlbəttə ki, belə ağır mövsümdən sonra yorğunluq və zədələrim var. Amma şükürlər olsun ciddi zədəm yoxdur. İndi istirahətlə yanaşı, səhhətimlə də məşğul olacağam. Bütün zədələrdən qurtulub milliyə sağlam, tam hazır şəkildə qayıdacağam.
- Bir müddət əvvəl Azərbaycan Voleybol Federasiyasının rəhbərliyində dəyişiklik edildi və Şahin Bağırov prezident təyin olundu. Bununla bağlı fikirlərini bilmək istərdik.
- Bəli, federasiyaya yeni rəhbərlik təyin olundu. Yeni prezidentimiz Şahin Bağırov vəzifəsinin icrasına başladıqdan sonra bizimlə əlaqə qurdu, hazırkı vəziyyətimizlə maraqlandı, eləcə də Bakıda olan oyunçularla görüşdü. Şahin müəllim çıxışlarında da bildirib ki, ölkə voleybolunu inkişaf etdirmək üçün bir sıra işlər nəzərdə tutulur. İnanıram ki, onun dəstəyi və rəhbərliyi ilə Azərbaycan voleybolu əvvəlki nüfuzunu geri qaytaracaq, millimiz və klublarımız yenə möhtəşəm qələbələrlə azarkeşlərimizi sevindirəcək.
- Artıq milli komanda mövsümü başlamaq üzrədir. Yığmamız bu il 10-cu dəfə Avropa çempionatında çıxış edəcək. Qrupumuzdakı rəqiblər də bəllidir. Bu barədə nə deyə bilərsən?
- Voleybol son illər dünyanın hər yerində çox inkişaf edir. Demək olar bütün komandalarda heyətlər dəyişir, yeni, gənc oyunçular gəlir. Ümumiyyətlə, Avropa çempionatında zəif komanda olmur. İştirak edən bütün komandalar ciddi hazırlaşırlar. Bizə də asan olmayacaq, amma inanıram ki, biz daha yaxşı mübarizə aparıb qrupdan çıxacağıq.
- Komandamız hələ toplanmasa da, məşqçi və heyət məsələsi hələ açıq qalsa da, sən yarışdakı şansımızı necə dəyərləndirərsən?
- Bu il Avropa çempionatında yaxşı nəticə göstərməyə çalışacağıq. Son illərdəki nəticələrimiz yaxşı deyil. Yeni prezidentimizin də köməkliyi ilə millinin yarışa yüksək səviyyədə hazırlıq keçəcəyinə və daha yaxşı nəticə qazanacağımıza inanıram. Dəyişiklikdən sonra Azərbaycan voleybolunun ilk beynəlxalq sınağı da elə Avropa çempionatıdır. Artıq az vaxt qalıb. Bir qədər istirahət etdikdən və sağlamlığımızı bərpa etdikdən sonra bizlər millinin bazasında toplanacağıq. İnanıram ki, voleybolumuzun inkişafı yolunda ilk uğurlu nəticəni məhz biz milli komanda olaraq qazanacağıq.