Ayşən Abduləzimova: "Biz hər bir oyuna ciddi hazırlaşıb meydana qələbə üçün çıxacağıq"
- 27 İyl 2023 12:04
- 394
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinə hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırda Bakıdadır və fiziki məşq keçir, sabah isə yenidən toplarla məşqlərə başlayacaq. Yığmamızın kapitanı Ayşən Abduləzimova hazırlıq prosesi və yarış haqqında danışıb. Təcrübəli blokçumuzun fikirlərini təqdim edirik:
“Avropa çempionatına hazırlığımızın bir mərhələsini Bosniya və Herseqovinada keçdik. Oradakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama matçı oynadıq. Bu qarşılaşmalarda müxtəlif taktikalar üzərində çalışdıq. Düşünürəm bunlar qarşıdakı oyunlarda uğurlu nəticə göstərməyimizə kömək olacaq.
Artıq Azərbaycana qayıtmışıq. Bir neçə gün topla məşqlərə ara verdik, fiziki məşqlər etdik. Sabah isə yenidən tam qaydada hazırlıqlara start verəcəyik. Bakıda da bir neçə yoldaşlıq oyunu nəzərdə tutulur. Bütün bunlar bizə öz oyunumuzu tapmağa, tam formalaşmağa kömək olacaq.
Bu il millimizə yeni baş məşqçi təyin olunub. O da hazırlıqları fərqli sistemdə keçir, yeni taktikalara uyğun məşq edirik. İlk məqsədimiz qrupdan çıxmaq və bundan sonra mümkün qədər irəliləməkdir. Polina Rəhimova da bu il komandaya qoşuldu. Əlbəttə ki, bu da bizə əlavə güc verəcək.
Qrup rəqiblərimiz kifayət qədər güclüdür. Bununla belə, qrupdan çıxmaq üçün yaxşı şansımız var. Bunun üçün əlbəttə ki, daha yaxşı mübarizə aparmalıyıq. Əmin ola bilərsiniz ki, biz hər bir oyuna ciddi hazırlaşıb meydana qələbə üçün çıxacağıq.
Son illər müəyyən səbəblərdən istədiyimiz kimi nəticə göstərə bilmirik. İnanıram ki, Avropa çempionatında daha yaxşı çıxış edib, uğurlu nəticə qazanarıq, reytinq xallarımızı da yüksəldərik. Bu da voleybolumuzun inkişaf etməsinə və əvvəlki səviyyəsinə çatmasına bir töhfə olar.
Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, oyunları izləsinlər, bizi dəstəkləməkdə davam etsinlər. Çünki onların bizim yanımızda olduğunu bilmək bizə əlavə güc verir. Bizsə əlbəttə ki, Avropa çempionatında yaxşı oynayıb, qrupdan çıxmaq və daha da irəliləmək üçün əlimizdən gələni edəcəyik”.