“Çukariçki” ilə oyundan bir gün öncə keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova heyət, büdcə, hücumçu problem ilə bağlı bir neçə sual verdim. Hansı ki, hər biri bu gün “Sumqayıt” üçün aktual problemdi. Amma Abbasov hər vəchlə suallardan yayındı və heç bir problemin olmadığını, hər şeyin qaydasında olduğunu bildirdi. Halbuki, baş məşqçi problemlərin olduğunu özü də gözəl bilir. Sadəcə, bunu media önündə açıqlamaq, özlərini problemli komanda kimi göstərmək istəmir. Eyni zamanda rəhbərliyi də müdafiə edir. Bir tərəfdən baxanda, baş məşqçinin öz komandasını, futbolçularını, rəhbərliyini müdafiə etməsi yaxşı haldı. Ancaq problemləri gizlətməyin də mənası yoxdur. Onsuz də kənardan hər şey görünür. “Sumqayıt”ın “Çukariçki”yə məğlub olaraq mübarizəni dayandırması normaldı. Ona görə yox ki, serblər çox güclü komandadır. Xeyr, “Çukariçki” elə də güclü komanda deyildi və “Keşlə”yə ayırılan pulun ¼-nü “Sumqayıt”a ayırsaydılar bu mərhələni rahatlıqla keçərdi. Pul yoxdursa, normal futbolçu alınmırsa, səviyyəli transferlər yoxdursa, mərhələni nəyin hesabına keçəcəksən? Əzmkarlığın hesabına bir oyunda arxaya qapanıb maksimum heç-heçə oynaya bilərsən. Amma mərhələ keçmək üçün hücum etməli, təhlükəli epizodlar yaratmalı və ən əsası, qol vurmalısan. “Sumqayıt” yay boyu bir normal hücumçu ala bilmirsə, komanda yalnız Əli Qurbaninin ümidinə qalıbsa, hansı qollardan və mərhələdən danışmaq olar? Səviyyəli, yaxşı hücumçu almaq üçün də pul lazımdır. “Sumqayıt”ın isə həmin hücumşunu alacaq pulu yoxdur. Ayxan Abbasov hər nə qədər də “büdcə ilə bağlı problemimiz yoxdur” desə də. Büdcə ilə bağlı problem yoxdursa, niyə normal transfer edilmir? İndi də qış deyil ki, deyəsən futbolçuların müqaviləsi var.

 

Deyilə bilər ki, pul yoxdursa, komanda Türkiyədə necə toplanış keçir. Məsələ burasındadır ki, bu gün ən bərbad durumda olan “Səbail” də ölkə xaricinə toplanışa gedir. Yəni rəhbrəlik güc-bəla toplanış üçün bir az vəsait qoparda bilir. Əslində mən onların yerinə olsam o pula futbolçu alaram, nəinki Türkiyəyə gedərəm. Amma istənilən halda, 2-3 yaxşı futbolçu almaq üçün ən azı yarım milyon əlavə büdcə ayırılmalıdır. Məhz həmin büdcəni ayıran yoxdur. Hansı ki, bunu ayırmalı olanlar “Keşlə”yə 6-7 milyonu çox rahatlıqla ayırır. “Keşlə” də toplanışa getmir, əvəzində həmin pula bir vaqon legioner alıb doldurur ora, sonra da çıxıb hər iki oyunda “Soçi”yə uduzur, qapsından da 7 top buraxıb mübarizəni dayandırır. Yəni bunları Ayxan Abbasov da gözəl bilir axı. Deyir ki, əsas heyətimizin özəyini qoruyub-saxlamışıq. Ay Ayxan müəllim, sizin özək dediyiniz futbolçuların çoxu heç kimə lazım olmayanlardı, ona görə qoruyub-saxlamısınız. Az-çox diqqət çəkən, milliyə dəvət alan iki futbolçunuz var idi, onların da birini “Neftçi” apardı, o birini də “Zirə”. Keçən il də az-çox seçilən Aleksey İsayev idi, onu da “Sabah” əlinizdən aldı. Özəyi saxlamaq gücünüz varsa, elə adları çəkilənləri saxlayardınız da. Əli Qurani ilə anlaşmanız “Çukariçki” ilə oyuna kimi naməlum olaraq qalmışdı. Yəni bunları bu gün siz deməsəniz də, biz görürük və deməyə borcluyuq. Ki, sizin haqqınızı “Keşlə” kimi klublara yedirtməsinlər. Avantürist “yığmaya oyunçu yetişdirmək”, “biz legioner almayacayıq” kimi “strategiya”nın dalından yumşaq bir təpik vurmaq lazımdır. Bu “strategiya” uğurlu olsa, 10 ildə özünü doğuruldardı. 10 ildə “Sumqayıt” milli üçün kimləri yetişdirib? Bəxtiyar Həsənalızadə və Xəyal Nəcəfov. Hansı ki, sırf klubun öz akademiyasının yetirməsidir. Onlar da millidə barmaqla sayılacaq qədər oyun keçiriblər, yay yox. Alekseyləri, Mehdiləri, Höccətləri nəzərə almıram, çünki onların nəinki Sumqayıt, heç Azərbaycan futboluna da aidiyatları yoxdur. Ona görə də məntiqsiz, absurd ayrı-seçkiliyə son qoyulmalı, “Sumqayıt”a da digər klublar kimi yanaşılmalı, büdcə bölgüsündə, legioner məsələsində eyni gözlə baxılmalıdır. Əks halda, Ayxan Abbasov və eləcə də gələcəkdə onu əvəzləyəcək məşqçilər mövsüm boyu valerianı ciblərindən əksik etməməlidir…

 

Anar XANLAROV