Bu barədə minlərlə dəfə yazmışıq, artıq təkrara da ehtiyac yoxdu ki, "Qarabağ" Azərbaycan futbolundan fərqli bir səviyyədədi və görülən iş kosmikdən də ötədi. Elə sadəcə oyunun fasiləsində düşdüyümüz eyforiyaya görə bu komandaya nə qədər minnətdar olsaq, azdı. Faktiki o 45 dəqiqədə "Qarabağ" dünyanın ən yaxşı komandası kimi oynadı, çünki bu ada rəsmi iddiaçı olan "Bayer"i bir baş üstünlüklə məğlub edilirdi. İnanılmaz bir şey idi.

Hər halda, oyun bərabərə bitdi və müəyyən analizləri etməliyik. Əslində, bu çox asandı, çünki ortada sirli heç nə yox idi. Hər iki tərəfin nə etmək istədiyi aydın idi, oyunçulardan kimin yaxşı, kimin pis oynadığını hamı gördü. Məsələn, sadəcə Zubir və Leandro yazsam, nə demək istədiyimi hamı başa düşəcək.

Məsələ aydındı: “Bayer”in oyunçu keyfiyyəti “Qarabağ”dan üstündü. Elə kəmiyyəti də. Xabi Alonsonun əlinin altında oyunun tempini artırmağa, gedişatını dəyişməyə, hətta matçın gedişində üçlü müdafiədən 4-lüyə, ya əksinə keçməyə, müxtəlif taktiki gedişləri elə yerindəcə həyata keçirməyə qadir yetərincə futbolçu var. Bu, çox böyük üstünlükdü və rəqib dünən sırf bunun hesabına son anda məğlubiyyətdən qurtuldu. 

Burda bir məqam var. Son illərə qədər komandaların əvəzetmə sayı maksimum 3 idi, bu halda əsas heyətin gücü ön plana çıxırdı, sonradan oyuna daxil olanlar prosesə bir yerə qədər müdaxilə edə bilirdilər. İndi durum fərqlidi, baş məşqçilər 5 oyunçunu - meydandakı heyətin tam yarısını dəyişə bilirlər. Bir komandada maksimum elə 5 nəfərin oyunu alınmaya bilər, əvəzetmələrlə də həmin problemi aradan qaldıra bilirsən. Təbii ki, ehtiyatda yaxşı futbolçuların varsa. Bu, bu gün də şahidlik etdiyimiz kimi böyük komandalar zəiflərlə oyunlarda birinci hissədə bir, fasilədən sonra isə faktiki başqa heyəti oynatma, düşən tempi qısa zamanda qaldırma imkanı əldə edirlər. “Qarabağ”da Leandronun yerinə meydana buraxacaq cinah yarımmüdafiəçisi yoxdu, məcburən müdafiəçi Mateus çıxır, “Bayer” isə dayaq və mərkəz zonaya Caka və Virts, cinaha Frimponq, hücuma da Şik kimi “canavar”ları buraxır. Bunun da nəticəsini tabloda gördük.

Amma bir şey dəqiqdi ki, baş məşqçilərin duelində Qurban Qurbanov birmənalı şəkildə qalib gəldi. Rəqibi çox yaxşı öyrənən, zəif nöqtələrini sezən mütəxəssis, 3 gün əvvəl çempionatda öz planını məşq edə bilmişdi, bu matçda da həyata keçirdi. Bu gün üçün dünyanın ən sürətli komandalarından biri olan “Bayer”i sürətdə üstələmək qərarını vermək böyük cürət tələb edir. Almanların arxa xətt oyunçularının ləng olmasından yararlanan “Qarabağ” faktiki eyni ssenariylə iki qol vurub qonaqları şoka sala bildi. Oyun planında yeniliklərdən biri də ağdamlıların komanda olaraq intensiv pressinq etməməsi, bir qədər ehtiyatlı olması, nisbətən arxadan oynayaraq topu rəqibə verməsi idi. Sanki “Bayer” bu topla nə etmək lazım olduğunu bilmir, spontan hücumlar həyata keçirir, oyunu ümumiyyətlə alınmırdı: nə ötürmələr, nə asmalar, nə standartlar… Heç nə alınmırdı. Düz-əməlli pressinqlərinə də şahidlik etmədik. Belə olan halda yalnız tempin artırılması çıxış yolu sayıla bilərdi, Alonso da buna getdi. Sürət, temp, atletik hazırlıq və şanslardan maksimum yararlana bilmə bacarığı “Bayer”ə nəticəni gətirdi. 

Bəli, Alonso start heyətində rotasiyalara getmişdi, oyundan sonra da bunu etiraf etdi. Bunu etməkdə səhvə yol verdiyini də dedi. Xabi və komandası rəqibə yuxarıdan-aşağı baxırdı, az qala cəzasını da çəkəcəkdi. Rotasiya edən "Bayer"i yenmək də hər oğulun işi deyil, bu məqamdan istifadə etməyi də bacarmaq lazımdı. 

Sizə qəribə gələcək, amma cavab görüşü üçün də optimistəm. Turu keçmək bəli, çətindi, amma Leverkuzendə meydan sahibləri layiqli müqavimətə rast gələcəklər, buna şübhəm yoxdu. Qeyd etdik ki, "Bayer" əsas oyunçuları fasilədən sonra oynatdı, amma o əsas oyunçuları, əsas heyəti də gördük. Sırf futbol baxımından ekstraordinar heç nə eləmədilər. Sadəcə atletik baxımdan güclü idilər və sırf bunun hesabına, təzyiqə dözə bilməyən, yorulan futbolçularımızın fərdi səhvləri hesabına fərqlənə bildilər. Juninyonun zədəsi işləri korlayır. O qayıda bilsə və komanda yaxşı istirahət edə bilsə, azı bir hissə başabaş mübarizəyə şahidlik edə biləcəyik. Sonrası Allah kərimdi. 

 

Kənan Məstəliyev, Rekord.az