Azad Rəhimov: "Turistlər arasında "Formula 1"ə gələnlər böyük yer tutur”
- 12 Fev 2020 14:12
- 808
"Öncə Nigar Arpadaraini Milli Məclisə deputat seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, idman ictimaiyyətini layiqincə təmsil edəcəksiniz".
Rekord.az-ın məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, böyük tədbirlər kadr potensialı, infrastruktur və turizm potensialı baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var.
Rəhimov hər il ölkəyə gələn 3 milyondan artıq turist içərisində "Formula 1"ə gələnlərin böyük yer tutduğunu bildirib. Nazir qeyd edib ki, I Avropa Oyunlarında 600, islamiadada 46 əcnəbi olubsa, Avropa Gənclər Yay Olimpiya Festivalı yalnız yerli mütəxəssislərlə həyata keçirilib. A.Rəhimov son 10 illiklərdə Azərbaycanda idmanın əksər növləri üzrə yarışların keçirildiyini xatırladıb. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış keçirilib. "Bu il də beynəlxalq yarışlar istisna olmayacaq" deyən nazir fevraldan belə turnirlərin, o cümlədən, futbol üzrə Avropa çempionatının 4 oyununun təşkil ediləcəyini vurğulayıb.
A.Rəhimov Asiya Oyunları, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdığını diqqətə çatdırıb. O, eyni zamanda könüllülərin əməyini vurğulayıb: "İlk Avropa Oyunlarına 17 000 könüllü cəlb olunmuşdu. Bundan sonra ölkəmizdə könüllülük hərəkatı yarandı". (Report)