“Azarkeşlər böyük futbol festivalının şahidi olacaqlar”
- 30 Noy 2019 23:51
- 773
Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi, Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici Elxan Məmmədov püşkün nəticəsi ilə bağlı federasiyanın rəsmi saytına açıqlama verib:
“Bu gün Buxarest şəhərində təşkil olunmuş püşkatma mərasimində AFFA-nın rəhbərliyi ilə birgə iştirak etdik. Sevindirici haldır ki, Bakı da Avropa çempionatına evsahibliyi edəcək şəhərlərdən biridir. Qrup mərhələsinin 3 oyunu ilə yanaşı, Bakı 1/4 final mərhələsinin oyunlarının keçiriləcəyi 4 şəhərin də sırasındadır. Böyük bir futbol bayramının birbaşa iştirakçısı olacağıq. Xüsusilə, Türkiyə millisinin qrup mərhələsində Bakıda 2 oyun keçirəcəyi bizi sevindirir. Təbii ki, Türkiyə futbolunun Azərbaycanda azarkeşləri çoxdur. Üstəlik, Türkiyədən öz milli komandalarının oyununa getmək istəyənlər üçün ən rahat, ən yaxın və ən dogma şəhər Bakıdır. Bu baxımdan həm bizim üçün çox şanslı püşkatma oldu ki, Türkiyə millisi Bakıda oynacaq. Eyni zamanda, Türkiyə komandası üçün də uğurlu püşk alındı ki, rəqibləri ilə Azərbaycanın paytaxtında qarşılaşacaqlar. Uels millisinin azarkeşlərinə də sözümüz var: Bakıda pivə keyfiyyətlidir və Uelsdəkindən ucuzdur. Bu bir zarafat olsa da, hər zarafatın mahiyyətində bir ciddi məqam da var. Təbii ki, İsveçrə azarkeşlərini də Bakıda gözləyirik və ölkəmizə təşrif buyuracaq bütün futbolsevərlər böyük futbol festivalının şahidi olacaqlar”.