Azər Bağırovun "böyük günahı"
- 07 Apr 2024 09:46
- 2010
Azərbaycan çempionatının çox qəribə xüsusiyyətləri var. Ölkə standartlarında yüksək səviyyəli infrastruktura, peşəkar idarəçilərə sahib, son illərdə daim mükafatçılar sırasında yer alan “Qəbələ” turnir cədvəlinin sonuncusudur. Möcüzə baş verməsə, yaxud da AFFA bundan əvvəlki mövsümlərdə olduğu kimi, reqlamentə “əl gəzdirməsə”, “qırmızı-qaralar” elitanı tərk edəcək.
Əvəzində yeri-yurdu olmayan, hər tur “ev oyunu”nu fərqli stadionlarda keçirən, öz avtobusuna mövsümün ortasında qovuşan “Kəpəz” 9-cu pillədəki yerini rahatlayıb. Nə yayda, nə də qışda normal hazırlıq keçməyən, transferlərini mövsümün gedişatında həyata keçirən, Naxçıvan üzü görməyib, Mərdəkanda məskunlaşan “Araz Naxçıvan” isə az qala mükafatçılar sırasına düşəcəkdi. Kim bilir, müəyyən qarşılaşmalarda hakimlər Azər Bağırovun komandasına badalaq vurmasaydılar, indi fərqli mənzərə izləyərdik...
Bəli, Azər Bağırov artıq “Araz Naxçıvan”ın sabiq baş məşqçisidir. Dünən günorta saatlarında çalışdırıcı istefa ərizəsini rəhbərliyə təqdim edib. Həmin saatlarda “Araz Naxçıvan” 7-ci pillədə yer alan “Turan Tovuz”dan cəmi 6 xal geri qalırdı. Maraqlıdır ki, Tovuz təmsilçisi uduzanda da, cansıxıcı oyunlardan 1 xal qoparanda da Ayxan Abbasovun tərifi göyə qaldırılıb. Amma “Araz Naxçıvan” bu mövsüm “Neftçi”ylə oyunlardan 7 xal qoparıb, “Qarabağ”ı məğlub etməyi bacarsa da, Bağırovun adı ətrafında həmin o təbliğat aparılmayıb, başı üzərində “qara buludlar” həmişə olub. Bu gün də “Araz Naxçıvan”ın elitanı tərk etmək təhlükəsi yoxdur, debütant Premyer Liqadakı yerini böyük ehtimalla təmin edib. O zaman rəhbərlik hansı üzlə Azər bəyin “Araz Naxçıvan”dakı işini qeyri-qənaətbəxş sayıb, onun istefa ərizəsini qəbul edib?
Mən “Araz Naxçıvan”ın oyun tərzini, bir çox qarşılaşmalarda vaxt aparmasını bəyənməyənlərdənəm. Amma ortada çox böyük və dəyişməyən reallıqlar var axı. Onların üzərindən necə keçmək olar? Kimisə ittiham etmək fikrində deyiləm, çünki əlimdə sübutum yoxdur. Şübhələri araşdırmaq isə müvafiq orqanların, bunun üçün maaş alanların üzərinə düşür. “Araz Naxçıvan”ın futbolçularının bir çox oyunlarda öz qapılarına qol vurması, nəticəyə təsir edən səhvlərə yol verməsi araşdırma mövzusudur. Elə “Kəpəz”lə oyun da qumarbazların dili ilə desək, “drob”la yekunlaşdı. Yəni ki, hissəni “Araz Naxçıvan” öndə qapadı, qonaqlar isə fasilədən sonra iki qol vurub, 3 xalı bayram etdilər. Mərc şirkətləri belə gedişata yetərincə yüksək əmsal təklif edirlər. Özünü Azərbaycanda müvəqqəti hiss edən legionerlərin sorğu-suala çəkilməsi heç də pis olmazdı.
Bütün bunlar öz yerində. Artıq zamanı geri qaytarmaq mümkün deyil, Bağırov qərarını verib və postundan ayrılıb. Zaur Axundovla işbirliyinə gedən Tərlan Əhmədovun da aqibəti belə olmuşdu, Yunis Hüseynovun da. Hələ ukraynalı Yuri Maksimov Axundovun əlindən daha çox zülm çəkmişdi. Odur ki, Azər bəy də üzülməsin. Onun ən böyük günahı bu cür adamlarla birlikdə çalışmağa razılıq verməsidir. Bəlkə də çətin oldu, əziyyət çəkdi. Əvəzində elitada təcrübə, özü üçün yaxşı imic qazandı. Sübut etdi ki, pis məşqçi deyil. Hələ irəlidə çox şanslar olacaq.