Azərbaycan 3-cü dəfə Avropa çempionu oldu
- 26 İyn 2024 23:00
- 211
U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.
Rekord.az xəbər verir ki, millimiz möhtəşəm çıxış edərək daha bir tarixi nəticəyə imza atıb.
Novi Sada böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yollanan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.
Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.
Beləliklə, U-17 yunan-Roma güləşi üzrə yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.
Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.
Xatırladaq ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.