Azərbaycanın 22 yaşadək oğlan voleybolçulardan ibarət millisi Avropa çempionatının II təsnifat mərhələsində sonuncu oyununu keçirib. "Rekrod.az" xəbər verir ki, E qrupunda yer alan yığmamız Kosovoda keçirilən seçmə mərhələnin son matçında Slovakiya yığması ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn Slovakiya millisi sonrakı hissələri də aktivinə yazıb - 25:21, 25:13. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə start verən millimiz, son çıxışında məğlub olub. Beləliklə, 3 görüşdən sonra 3 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib.

Yığmamızın yer aldığı E qrupunun birincisi bu gün ev sahibinə 3:0 (25:17, 25:19, 25:15) hesabı ilə qalib gələn Niderland yığması olub. Niderland millisi 9 xalla birinci, Slovakiya 6 xalla ikinci, Azərbaycan 3 xalla üçüncü və oyunları xalsız başa vuran Kosovo millisi isə turnir cədvəlində sonuncu olub.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2021-in II təsnifat mərhələsi

E qrupu

20 may

   Azərbaycan - Kosovo 3:0 (25:22, 25:20, 25:21)

21 may

   Niderland - Azərbaycan 3:1 (21:25, 25:23, 25:18, 25:21)

22 may

   Azərbaycan – Slovakiya 0:3 (16:25, 21:25, 13:25)