
“Azərbaycan Avropanın 20 ən yaxşı ölkəsindən biridir” - Fernandu Santuş
- 21 Mar 2025 19:57
- 43
Azərbaycan milli komandası sabah Haiti yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Rekord.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Start heyəti bəllidir?
- Sabah kim oynayacaqsa, artıq məlumdur. Qərarlaşdırmışam.
- Komandaya yeni cəlb olunan gənclərə bu və ya növbəti matçda şans verəcəksiz?
- İndidən sabah hansı heyətin olacağını deyə bilmərəm. Bəzi oyunçular start heyətində olacaq, bəziləri ehtiyat skamyada.
- Sabahkı matçdan gözləntiləriniz nədir?
- Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 matçını izləmişik. Pozitiv və pozitiv olmayan cəhətləri var. Hamısını analiz etmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri "Kayserispor"da, digəri AEK-də çıxış edir. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından zəif nöqtləri var, burada açıqlamayacam. Bunun üzərində dayanmağa çalışacağıq.
- Millidə ab-hava necədir?
- Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoldaşlıq matçı kimi qəbul olunmur. Düzdür, bu oyuna görə xal verilmir. Milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir.
- Haiti millisinin üzvləri fiziki cəhətdən çox üstündürlər, bizim milliyə cəlb olunanlar isə fiziki cəhətdən zəif görünür. Onları nə ilə üstələyə bilərik?
- Kollektiv şəkildə daha güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteristikası belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəz, uyğun olardı. Futboldur, hamısı rəqabətə hazır olmalıdır.
- Xorvatiya - Fransa görüşünü izlədiz?
- Biz sabah onlarla qarşılaşmırıq. Sabah Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olacaq, onda danışarıq. Hazırki durumda hansı komandanın gəlməsi önəmli deyil. Məni yalnız Haiti ilə oyun maraqlandırır.
- Azərbaycanda Novruz bayramı keçirdiniz. Ab-hava necə idi?
- Bayram haqda məlumatım çoxdur. Azərbaycan çox yaxşı ölkədir. Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Azərbaycan çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq olur. Dünən də şəxsən özüm hamını təbrik etmişəm.
- Sabahkı matça cəmi 1300 bilet satılıb. Bunu nə ilə əlaqələndirirsiz?
- Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Amma Avropada çıxış edən komandaların matçına daha çox adam gəlir. Son olaraq daha çox azarkeşin gəldiyi oyun "Neftçi" - "Qarabağ" idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər. (Sportal)