Azərbaycan badmintonçuları Əlcəzairdə qızıl və bürünc medal qazanıblar
- 23 Okt 2023 18:41
- 342
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən “Algeria International 2023” beynəlxalq turnirində qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, yarışa əsas mərhələdən başlayan idmançı ilk görüşdə yerli badmintonçu Daoud Aimeni (21:6,21:16) mübarizədən kənarlaşdırıb.
Dviçayo növbəti qarşılaşmada polşalı Dominik Kvintaya 2:0 (21:17,21:16) hesabı ilə qalib gəlib. 1/4 finalda Fransa idmançısı Yanis Qaudin təmsilçimizlə oyunu zədə səbəbindən davam etdirə bilməyib. Beləliklə, ilk setdə 15:7 hesabı ilə öndə olan Edi Reski Dviçayo ən güclü "dördlüy"ə yüksəlib. O, yarımfinalda italiyalı Kristofer Vittorianı 2:0 (21:18,21:11) hesabı ilə üstələyib.
Azərbaycan badmintonçusu finalda digər fransalı Saça Leveque ilə görüşdə ilk seti 15:21 hesabı ilə geridə bitirsə də, digər iki setdə (21:13,21:18) rəqibindən üstün oyun sərgiləyərək “Algeria International 2023”də qızıl medal qazanıb. Beləliklə, o, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda hesabına 2500 reytinq xalı yazdırıb.
Qadın idmançı Keişa Fatimə Zəhra da “Algeria International 2023”ü medalla başa vurub. Yarımfinala kimi irəliləməyi bacaran badmintonçu 1750 reytinq xalı toplayaraq yarışın bürünc medalına sahib çıxıb. Keişa Fatimə Zəhra ən güclü "dördlüy"ə yüksəlmək uğrunda keçirilən görüşlərdə Əlcəzair, Fransa və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlsə də, finalın bir addımlığında turnirin qalibi, fransalı Rosi Oktaviaya 3 set davam edən görüşdə 1:2 hesabı ilə uduzub.