Azərbaycan badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən "Youth International" turnirində 1 gümüş və 2 bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi 11 yaşadək qızların qoşa yarışında finala yüksəlməyi bacarıb.

Burada Bolqarıstan badmintonçuları ilə qarşılaşan idmançılar ümumi hesabda 1:2 hesabı ilə uduzaraq gümüş medala sahib çıxıblar.

Əli Gözəlov isə 15 yaşadək oğlanların qoşa yarışında bürünc medal əldə edib. O, israilli Yahav Sade ilə birgə bu kateqoriyada yarımfinaladək irəliləyib. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade cütü finala yüksəlmək uğrunda keçirilən və üç set davam edən görüşdə Rumıniya təmsilçilərinə məğlub olub.

Daha bir medal qarışıq qoşa kateqoriyasında əldə edilib. 15 yaşadək badmintonçuların mübarizəsində Aysu Kərimzadə-Yahav Sade tandemi yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütünü mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə yüksəlib. Bu mərhələdə Almaniya təmsilçiləri qarşılaşan idmançılar rəqiblərinə 1:2 hesabı ilə yenilərək bürünc medal qazanıblar.