Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün açılış mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, həmçinin klubların rəhbərləri iştirak ediblər.

İlk olaraq ötən mövsüm ərzində Azərbaycan millilərinin və klublarının iştirak etdikləri beynəlxalq turnirlər, eləcə də aparılan seleksiya işləri barədə məlumat verilib.

"Sərhədçi" klubunun prezidenti Firdovsi Umudov çıxışında basketbolda kütləviliyin artdığını bildirib: "Basketbola qısa müddətdə uşaqların axını yaşandı. Buna görə komandalarımızın sayını artırdıq. Yeni mövsümdə bütün komandalara uğurlar arzulayıram".

Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib. O, son ildə basketbolda ciddi uğurlara nail olunduğunu söyləyib: "Bir il ərzində böyük işlər görülüb. Yaxşı çempionat keçirildi, keyfiyyətli legionerlər iştirak etdilər. Paytaxtla yanaşı, region komandalarının inkişafı da böyük nailiyyətdir. Bu uğuru davam etdirmək lazımdır. Futbol çempionatındakı kimi, basketbolda da komanda sayı 10-a çatıb. Beynəlxalq yarışların keçirilməsi, "Neftçi"nin 3X3 basketbolu komandasının uğuru xüsusi qeyd olunmalıdır. Gənclərimiz basketbolla çox maraqlanırlar. Bu da bizim üçün önəmlidir. Federasiyaya uğurlar arzulayıram. Avrokuboklarda "Sabah"ın da uğurlu çıxışını davam etdirəcəyinə inanıram".

Federasiya prezidenti Emin Əmrullayev də bir il ərzində çox işlərin görüldüyünü bildirib: "Bu gün nəticələr barədə danışmağımız qürurvericidir. Bu uğurlarda zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycan tarixinin daim xatırlayacağımız ən önəmli günlərini yaşayırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası problemi artıq həllini tapıb. Bu, bütün sahələrdə daha yaxşı inkişafımıza təkan verəcək. Bu il Şuşada keçirilən basketbol turniri yaddaqalan oldu. Növbəti illərdə də işğaldan azad olunmuş digər bölgələrdə basketbol yarışlarının təşklinə xüsusi diqqət yetirəcəyik. Uğur əldə etmək üçün uzun müddət səbrlə addım-addım irəliləməliyik. Federasiyanın da əsas istiqaməti uşaq basketboludur. Gələcəkdə tamaşaçı bazasının yaranması, kütləvilik də vacibdir. Yeniyetmə qızlarımızın basketbola cəlb olunmasına, qadın basketbolunun inkişafına diqqət yetirəcəyik. Tezliklə qadınlar arasında basketbol çempionatı keçirəcəyimizə də inanıram. Növbəti illər ərzində prosesi elə qurmalıyıq ki, inkişaf basketbol klublarında getsin, federasiya idarəçiliyə nəzarət etsin. Klubların sayını artıq coğrafi baxımdan da artırmağa çalışmışıq. Bir neçə bölgədə basketbol infrastrukturunun qurulması prosesi davam edir. Futbol klubları ilə əməkdaşlığı artırmaq prosesi də bizdə yaxşı alınır. "Sabah" və "Neftçi" buna sübutdur. Universitet komandalarının da növbəti mərhələlərdə I Liqada iştirakına çalışacağıq. İşlər bazalarda düzgün görülsə, qələbə gələr. Ölkə rəhbərliyinin idmana qayğısından basketbol ailəsi olaraq biz də faydalanırıq".

E.Əmrullayev yeni mövsümdə klublara uğurlar arzulayıb: "Sərhədçi" İdman Kompleksinin sərəncamımıza təmənnasız verilməsi xüsusi vurğulanmalıdır. Dövlət Sərhəd Xidmətinə buna görə təşəkkür edirəm. Basketbola sponsorların cəlb olunması da vacib amildir. Artıq kifayət qədər böyük təşkilatlar basketbol klublarına sponsorluq edirlər. Biz klubların idarə etdiyi federasiya modelinə keçməliyik, nəinki əksinə. Qarşıda bizi daha gərgin mövsüm gözləyir. Bu dəfə gözləntilər daha yüksək olacaq. Bu, hər birimiz üçün sınaqdır. Gediləcək yolun hələ astanasındayıq. Uğur əldə etmək üçün ən azı 10-15 il bu ardıcıllıqla davam etməliyik. Bu dəyişikliklərin nəticəsini U-16 komandalarımızın bir neçə ildən sonrakı nəticələri ilə görəcəyik".

Sonda basketbol hakimləri, tibb işçiləri təltif ediliblər.

Liqanın yeni mövsümündə 10 komanda – “Sabah”, "NTD-İndiqo" (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar. Oktyabrın 22-də startı veriləcək çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar.