Martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, yarışda Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən  idmançılar qüvvələrini sınayıblar.

2 gün davam edən yarışda idmançılar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyalarında qüvvələrini sınayıblar.

Ümumilikdə 69 idmançı müxtəlif alətlərdə çıxışlarını hakimlərə təqdim edərək, öz aralarında ən güclünü  müəyyənləşdiriblər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında martın 16-17-də keçirilmiş bədii gimnastika üzrə Azərbaycan çempionatında olduğu kimi, idman gimnastikası üzrə yarışları da izləyiblər. Gimnastika həvəskarları idmançılarımızın çıxışlarını izləməkdən xüsusi zövq aldıqlarını və yarışlara baxmağa həvəslə gəldiklərini bildiriblər.

Qarşıda bu növ üzrə böyükyaşlı idmançılarımızı daha bir mötəbər yarış, martın 31-dən aprelin 3-dək keçiriləcək Dünya kuboku gözləyir.