Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti müəyyənləşib.

Rekord.az xəbər verir ki, 10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.

Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin baş məşqçisi Umberto Orta Dominqez Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu çəki dərəcələrindən 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) Londona aparmağa qərar verib. 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 69 kq-da “beşlik”, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

Hazırda Abşeron Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışında olan komandalarımız hazırlığı martın 11-dək davam etdirəcəklər. Martın 12-də isə boksçularımız Böyük Britaniyaya yollanacaqlar.

Qeyd edək ki, Avropa təmsilçiləri üçün növbəti lisenziya yarışı Fransanın paytaxtı Parisdə olacaq. Dünya Olimpiya Təsnifat Turniri mayın 13-24-də keçiriləcək.