Azərbaycan boksçularından beynəlxalq turnirə uğurlu start
- 19 Dek 2022 17:30
- 460
Azərbaycan boksçuları Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirə uğurlu start veriblər.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan milli üzvlərindən üçü yarımfinala yüksəlib.
51 kq çəki dərəcəsində rinqə çıxan Nicat Hüseynov 1/4 finalda qırğızıstanlı Bael Urustanbayla üz-üzə gəlib. Avropa çempionu inamlı qələbə sayəsində yarımfinalda iştirak hüququ qazanıb. Artıq özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov finala gedən yolda kubalı Reyes Romero ilə döyüşəcək.
71 kqda isə 2 boksçu mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı Sərxan Əliyev 1/4 finalda qazaxıstanlı Toperbergen Jertpisbayı məğlub edib. Rəşid Həsənov isə digər ev sahibi Alipaşa Nasirovdan güclü olub. Onlar növbəti görüşdə bir-birinə rəqib olacaqlar.
Onlardan fərqli, 1/4 finalda Ruslan Qədirov (54 kq) və Əzrək Bəbirov (57 kq) isə müvafiq olaraq, Qazaxıstan təmsilçiləri Jandaulet Sarsenbayev və Rüstəm Şaumenova uduzaraq turnirlə vidalaşıb.
Qeyd edək ki, yarışa Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək boksçu qatılıb. Turnir dekabrın 21-də başa çatacaq.