ISF U15 Gimnaziada İdman Oyunlarında boksçuların mübarizəsi davam edir.


Rekord.az xəbər verir ki, Zlatiborda keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 16 idmançısı rinqə çıxıb.


Boksçularımızdan Kəmalə Həsənova (54 kq) yarımfinalda Mariya Zakrzevskaya (Ukrayna), Babək Abdullayev (40 kq) Aqapito Silvaya (Braziliya), İsmayıl Aslanlı (50 kq) Hüseyn Erə (Türkiyə) və Sabir Rüstəmov (57 kq) Almeyda Pedroya (Braziliya) qalib gələrək finala vəsiqə qazınıb.


Finalda döyüşən Nurlan Müseyibli (66 kq) Vladimir Çabana (Ukrayna), Zirəddin Rüstəmli (70 kq) Parsa Harounalraşidiyə (İran), Mehran Rəsulov (75 kq) Viktor Maystoroviçə (Serbiya), Yusif Ağakişiyev (80 kq) Oliksey Fedorivə (Ukrayna), Aysan Miriyeva (46 kq) Anastasiya Yaremenkoya (Ukrayna) qalib gələrək qızıl medala yiyələnib.


Həlledici görüşdə məğlub olan Amir Həsənov (48 kq), Sərxan Haqverdiyev (63 kq), Aişə Muradova (44 kq), Nuray Qafarova (48 kq) və Leyla Mahmudlu (51 kq) ikinci yeri tutub.


Kazım Baxışov (42 kq), Yusif Əli (52 kq) və Azad Məmmədli (44 kq) isə bürünc medala yiyələnib.


Beləliklə, boks milli komandamızın Gimnaziadadakı medal sayı 14-ə yüksəlib. Onlardan beşinin əyarı qızıl, beşinin gümüş və dördünün bürüncdür. Daha öncə Nəriman Əli (54 kq) də üçüncü yeri tutub.


Qeyd edək ki, yarışın son günündə daha 4 qız və 3 oğlan boksçumuz finalda döyüşəcək.