Azərbaycan boksçusu dünya çempionu oldu
- 05 Noy 2021 23:05
- 550
Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib. Rekord.az xəbər verir ki, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.
86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.
Tokio-2020-nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Dominqesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.