Azərbaycan çempionatı: Komanda yarışlarının qalibləri bəlli oldu
- 14 Apr 2022 17:15
- 471
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi davam edir. Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərirlər.
Rekord.az xəbər verir ki, “Şüa” İdman – Sağlamlıq Kompleksində keçirilən yarışda komanda mübarizəsi başa çatıb. 2004-2006-cı il təvəllüdlü qızların turnirində Bakı komandası 1-ci, Şəki komandası 2-ci yeri tutub. Sumqayıt və Şabran komandaları 3-cü yeri bölüşüblər. Oğlanların mübarizəsindən də Bakı komandası qalib ayrılıb. Sumqayıt 2-ci, Salyan və Şəki tennisçiləri 3-cü yeri tutublar.
2007-ci il və daha azyaşlı idmançıların mübarizəsinə də yekun vurulub. Qızların komanda yarışında Sumqayıt – 1 kollektivi qələbə qazanıb. Sumqayıt -2 komandası 2-ci yerdə qərarlaşıb. Sumqayıt – 3 və Şabran fəxrü kürsünün 3-cü pilləsində yer alıb.
Oğlanların turniri isə Bakı-1 komandasının qələbəsi ilə başa çatıb. Sumqayıt -1 ikinci yerlə kifayətlənib. Bakı-2 və Şabran komandaları 3-cü pillədə qərarlaşıblar. Yarışın növbəti günlərində şəxsi, qoşa və qarışıq-qoşa turnirlərində qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, kütləviliyi ilə seçilən birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Şabran, Salyan, Şirvan, Şəki, Qax, Balakən, Ağstafa, Gədəbəy, Zərdab və Samuxdan ümumilikdə 150-yə yaxın idmançı qatılıb. Azərbaycan birinciliyinə aprelin 16-da yekun vurulacaq.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.