Azərbaycan çempionatına yekun vuruldu
- 01 May 2022 17:30
- 490
Qadınların ardınca kişi həndbolçuların da ölkə çempionatına yekun vurulub.
Rekord.az xəbər verir ki, çempionluğu vaxtından əvvəl təmin edən “Bakı” son turda da pərəstişkarlarını sevindirib.
“Məhsul” ilk hissəni bir xal irəlidə başa vursa da, fasilədən sonra təzyiqi artıran “Bakı” 30:26 hesabı ilə qalib gəlib.
“Təhsil” – U-18 İdman Akademiyası görüşündə nominal meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Daha yüksək əzmkarlıq göstərən U-18 İdman Akademiyası komandası oyunu qələbə ilə başa vurub - 34:23.
U-16 - “Gənclər Birliyi” matçında isə qələbə imkanları yüksək qiymətləndirilən U-16 kollektivi etimadı doğruldub - 44:32.
Bir tur əvvəl çempionluğu rəsmiləşdirən “Bakı” aktivinə 18-ci xalı yazdırıb. İkinci pillədəki “Təhsil” çempionatı 13 xalla başa vurub. U-16 və U-18 İdman Akademiyası hərəyə 11 xal toplasa da, şəxsi oyunlarda rəqibini üstələyən U-16 bürünc medallara sahib çıxıb.
Dövlət himninin səsləndirilməsi ilə başlanan bağlanış mərasimində Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov builki çempionatın böyük rəqabətlə yadda qalacağını vurğulayıb. Mükafatçıları təbrik edən federasiya rəsmisi digər komandalara növbəti yarışlarda uğurlar arzulayıb.
Çıxışında komanda sayının artırılmasını müsbət hal kimi qiymətləndirən gənclər və idman naziri Fərid Qayıbov, həndbolda yaranan canlanmanın, azarkeş marağının daha da artacağına ümid bəslədiyini bildirib. Nazir, həndbolçulara qarşıdakı beynəlxalq yarışlarda, xüsusilə İslam oyunlarında uğurlar arzulayıb.
Ardınca fərqlənən komandalar mükafatlandırılıb. Gənclər və idman nazirinin müavini Mariana Vasilyeva və Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurovun da qatıldığı mərasimdə, qadınlardan ibarət komandalardan “Azəryol”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət komandalardan isə “Bakı”, “Təhsil” və U-16-ya müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, həmçinin, fəxri diplom və hədiyyələr təqdim olunub.
U-18 İdman Akademiyası komandasının üzvü Royal Əliyevlə “Azəryol”un həndbolçusu Kamilə Bayramova çempionatın ən yaxşı oyunçuları üçün nəzərdə tutulan mükafata layiq görülüb.
Xatırladaq ki, martın 20-də start verilən çempionatda 4 qadın, 6 kişi komandası mübarizə aparıb.