Azərbaycan çempionatında favoritlərdən növbəti qələbə
- 11 Apr 2022 18:20
- 498
Həndbol üzrə Azərbaycan çempionatı davam edir. Rekord.az xəbər verir ki, Şağan Olimpiya Kompleksində keçirilən yarışın növbəti oyun günündə meydançaya əvvəlcə kişilərdən ibarət "Məhsul" və "Bakı" komandaları çıxıblar.
Gərgin mübarizə vəd edən görüşdə çempionatın liderinə bəslənən ümidlər özünü doğruldub. "Məhsul"un ciddi müqavimətinə rəğmən sonadək yüksək əzmkarlıq göstərən "Bakı" matçı qələbə ilə başa vurub – 28:25.
“U-18 İdman Akademiyası” - "Təhsil" görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. Oyuna qələbə əzmi ilə çıxan "tələbələr" çətinliklə də olsa, tapşırığı yerinə yetiriblər. Oyun 27:25 hesabı ilə başa çatıb.
"Gənclər Birliyi" - U-16 matçında nominal qonaqların imkanları yüksək qiymətləndirilirdi. Bütün oyun boyu təşəbbüsü əldən verməyən U-16 komandası bu cür düşünənlərin yanılmadığını inamlı qələbə ilə sübut edib - 32:17.
Qadın həndbolçuların yarışında da növbəti turun görüşləri favoritlərin üstünlüyü ilə yadda qalıb. "Qarabağ" - "İdman Akademiyası" matçında rəqibi əksər komponentlərdə geridə qoyan "Qarabağ" 28:18 hesablı qələbə çalıb.
"Azərsu" - "Azəryol" qarşılaşmasında isə çempionatın əsas favoriti pərəstişkarlarını sevindirib. "Azərsu" həndbolçuları daha keyfiyyətli oyun nümayiş etdirən rəqibin qarşısını almaqda çətinlik çəkiblər - 12:32.
Kişi həndbolçuların 6-cı turunun oyunlarında isə "Bakı" – "Gənclər Birliyi"nə 33:26, U-16 - U-18 İdman Akademiyasına 28:25, "Təhsil" "Məhsul"a 31:26 hesabı ilə qalib gəlib.