Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO
- 15 Dek 2022 21:00
- 853
Dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023 illər mövsümünün açılış mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində təşkil edilən tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, I vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar.
AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”.
O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.
Ardınca Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq".
Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib.
Ardınca Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında dövlət himni səsləndirilib.