Azərbaycan çempionatının I mərhələsi başa çatdı
- 27 İyn 2023 23:40
- 369
Bu gün 15 yaşlı və 15 yaşdan yuxarı idmançılar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) başa çatıb. "Rekord.az" xəbər verir ki, Su İdmanı Sarayında təşkil olunan və dörd gün davam edən yarışda 18 qadın, 28 kişi cütü mübarizə aparıb.
Olimpiya sistemi ilə keçirilən çempionatın sonuncu günü daha gərgin oyunlarla yadda qalıb. Qadınların finalında "Azərreyl" (Fidan Əhmədxanova/Larisa Smeltsova) və "Murov AZ TERMİNAL" (Əminə Ramazanova/Sənubər Ələskərova) komandaları üz-üzə gəlib. Maraqlı mübarizədə keçən matçda "Azərreyl" rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi adına yiyələnib.
Kişilərin yarışında isə həlledici görüş "Neftçi" (Vadim Kutikov/Tural Həsənli) və "Azərreyl" (Elmin Alışanov/Asif Əliyev) arasında olub. Matç 2:0 hesabı ilə ikincilərin xeyrinə yekunlaşıb.
Çempionatda qadınların yarışında "Murov AZ TERMİNAL-2" (Nəzrin Əhmədli/Fatimə Hüseynova), kişilərin mübarizəsində isə "Neftçi-2" (Ülvi Rəcəbli/Heydər Məmmədli) üçüncü yeri tutub.
Qarşılaşmalardan sonra qaliblərin mükafatlandırılma mərasimi baş tutub. Mərasimdə AVF-nin baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov iştirak ediblər. Azərbaycan çempionatının (I mərhələ) qaliblərinə medal, diplom və pul mükafatı verilib.
Qeyd edək ki, qarşıdakı günlərdə birinciliyin növbəti mərhələləri də keçiriləcək.