Azərbaycan çempionatının seçmə yarışları başa çatıb
- 05 Fev 2024 16:46
- 273
Şirvan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8, 10, 12, 14 və 16 yaş qrupu üzrə şahmatçıların Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın bağlanış mərasimində çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edib, onlara növbəti yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Seçmə turnirlərdə Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib.
Müxtəlif yaş kateqoriyalarında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə), Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar), Zarina Mustafayeva (Gəncə) birinci yeri tutublar.
Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.