Azərbaycan çempionu bəlli oldu
- 21 Apr 2022 10:07
- 550
Kişi voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada keçirilən son qarşılaşmalarla 2021/2022 illər mövsümünün qalibi rəsmiləşib.
4 dövrəlik çempionatın sonuncu - XX turunun oyunları “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Günün ilk matçı “Neftçi” və “Murov” komandaları arasında olub. Görüşün qalibi tay-brekdə müəyyənləşib. “Murov”u 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə məğlub edən “Neftçi” çempionatı qələbə ilə başa vurub.
Turun və mövsümün son matçında isə “Sərhədçi” "MOİK"lə üz-üzə gəlib. Oyun “Sərhədçi”nin 27:25 hesablı üstünlüyü ilə başlasa da, "MOİK" sonrakı setlərdə qalib gəlib - 25:12, 25:23, 25:13. Rəqibini 3:1 hesabı ilə məğlub edən Eldar Əliyevin komandası son duelindən 3 xalla ayrılıb.
Beləliklə, “Murov” 42 xalla Yüksək Liqanın çempionu tituluna yiyələnib. 5 xal az toplayan “Neftçi” gümüş medala sahib olub. MOİK isə 28 xalla üçlüyü qapayıb. 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.
Çempionatın qaliblərinə medal və diplomlar aprelin 23-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq 2021/2022 mövsümünün bağlanış mərasimində təqdim ediləcək.