Azərbaycan çempionu Serbiyanın idman naziri seçildi
- 25 Okt 2022 10:49
- 521
Serbiyada yeni idman naziri seçilib. "Rekord.az" xəbər verir ki, bu posta məşhur voleybol məşqçisi, illərlə ölkəmizdə fəaliyyət göstərmiş və Azərbaycan çempionu olmuş Zoran Qayiç təyin olunub. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç məlumat verib.
Voleybolçu olaraq zamanında populyarlıq qazanmış Qayiçin məqşçi kimi də bir sıra uğurları var. O, keçmiş Yuqoslaviyanın kişilərdən ibarət yığmasına 2000-ci il Sidney Olimpiya Oyunlarının qızıl medalını qazandırıb, bir il sonra isə komandanı Avropa çempionu edib. Təcrübəli mütəxəssis, həmçinin 1996-cı il Atlanta Olimpiya Oyunlarında bürünc medala, 1998-ci il dünya birinciliyi və 1995, 1997 və 1999-cu illərdə qitə birinciliyində ikinci yerə sahib çıxıb. Bütün bunlarla yanaşı, onun milli səviyyəsində digər mükafatları da mövcuddur.
Bir sıra aparıcı çempionatlarda çalışmış serb mütəxəssisin yolu ölkəmizdən də keçib. O, 2011-2012 və 2015-ci illərdə Bakının "Rabitə" və "Telekom" klublarında baş məqşçilik edib. Qadınlardan ibarət komandaya məşqçilk fəaliyyətinə də o, məhz "Rabitə"də başlayıb. Qayiç 2011-ci ildə "Rabitə" ilə FIVB Klublararası dünya çempionu adını, eləcə də "Top Volley International Cup"ı qazanıb. İki dəfə isə Azərbaycan çempionu olub.
Qeyd edək ki, Qayiç 2016-cı ildən Serbiya Voleybol Federasiyasının prezidenti kimi çalışıb.