Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvü İrina Kindzerska soyadını dəyişdirəcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Elmar Babanlı məlumat verib.

E.Babanlı bildirib ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Avropa və dünya çempionatlarının mükafatçısı azərbaycanlı ərinin soyadını götürərək, Əliyeva olacaq.

Federasiya rəsmisi sənədləşmə işləri yoluna qoyulacağı təqdirdə, 30 yaşlı idmançının Tokio Yay Olimpiya Oyunlarında yeni soyadla çıxış edəcəyini diqqətə çatdırıb.

Baş katib rumıniyalı Aleksandra-Larisa Florian (57 kq), həmçinin monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyankişiq (52 kq) və İçinxorlu Muntsxedev (57 kq) ilə yolların ayrıldığını da söyləyib.

Onun sözlərinə görə, Florian pandemiya dövründə məşqləri üçün əlverişli şəraitin olmaması, Bazarraqça zədələri, Buyankişiq ümidləri döğrultmaması, Muntsxedev isə ailə vəziyyəti ilə əlaqədar yığmada yer almayacaq.

Legionerlərin milliyə heç bir fayda vermədikləri fikri ilə razılaşmayan E.Babanlı onların komandada rəqabəti artırdıqlarını vurğulayıb (report).

İrina Kindzerska 2017-ci il dünya çempionatında və "Minsk 2019" II Avropa Oyunlarında bürünc, 2020-ci il Avropa çempionatında gümüş, 2013-cü il Avropa çempionatında bürünc medala sahib olub.