Azərbaycan cüdo yığmasında koronavirusa kütləvi yoluxma
- 27 Yan 2022 20:00
- 632
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandası yanvarın 26-da Portuqaliyaya yollanıb. Rekord.az xəbər verir ki, yanvarın 28-dən 30-na qədər bu ölkənin Almada şəhərində cüdo üzrə qran-pri turniri keçiriləcək.
Səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, vaksin edilmiş heyət üzvlərindən bir dəfə, vaksin olunmamış heyət üzvlərindən isə (cəmi 3 nəfər) iki dəfə PCR testi götürülüb. Müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra PCR test nəticələri neqativ çıxan heyət üzvləri Portuqaliyaya yola düşüblər.
BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan yığmasının üzvləri dünən Portuqaliyanın Almada şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrdən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda neqativ PCR nəticəsi olan bəzi heyət üzvlərimizdə bu dəfə pozitiv nəticə açıqlanıb.
BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə alınıblar. Hazırda pozitiv PCR nəticəsi olan milli üzvləri Portuqaliya dövlət qaydalarına əsasən 7 günlük karantinə alınıblar.
Heyət üzvləri özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi problem yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin idmançılarında da PCR nəticələri pozitiv çıxanlar var. Onlar da yarışlardan kənarlaşdırılıb.
Azərbaycan millisində PCR testi müsbət olan heyət üzvlərinin sayı 2 (iki) nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərimizdən yenidən PCR testi götürülüb. Həmin testlərin nəticəsinə əsasən, sabahdan başlayacaq yarışlarda hansı təmsilçilərimizin mübarizə aparacağı dəqiqləşəcək. Bu məlumat bəlli olduqdan sonra adıçəkilən yarışda Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək.