Azərbaycan cüdoçularından “Böyük dəbilqə”də daha 2 medal
- 06 Noy 2021 23:10
- 483
Heydər Əliyev adına İdman Sarayında keçirilən Bakı "Böyük dəbilqə" beynəlxalq turniri davam edir. Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar.
Əvvəlcə Hidayət Heydərov bürünc medal görüşünə çıxıb. 73 kq çəkidə çıxış edən idmançımızın rəqibi almaniyalı Lukas Vennekold olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Hidayət Heydərov 3-cü yeri tutub.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev də eyni uğuru təkrarlayaraq, bürünc medala sahib olub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Hasil Cəfərovu məğlub edib.
Hazırda Azərbaycan millisinin aktivində 1 qızıl, 1 gümüş və 3 bürünc medal var. Mötəbər yarışın ilk günü Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medala sahib olub.
Nüfuzlu yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) mübarizə aparır. Azərbaycan millisi bu turnirdə 33 cüdoçu (25 kişi, 8 qadın) ilə təmsil olunur.