Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı
- 22 Okt 2022 19:50
- 458
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulub.
73 kq-da yarışan Vüsal Qələndərzadə Adil Osmanova (Moldova) və Giorgi Teraşviliyə (Gürcüstan) qalib gəlsə də, 1/8 finalda Daniyar Şamşayevə (Qazaxıstan) yenilib. Bu çəkidəki digər cüdoçumuz Nurlan Osmanov isə startda türkiyəli Bilal Çiloğlunu üstələsə də, 1/8 finalda Obidxon Nomonovla (Özbəkistan) bacarmayıb.
81 kq çəki dərəcəsində çıxış edən cüdoçulardan Elcan Hacıyev 1/16 finalda Mohab Elhanasa (Kanada) uduzub və mübarizəni erkən dayandırıb.
Bu çəkidəki digər təmsilçimiz Zelim Tçkayev isə ardıcıl olaraq Cavad Sardidi (Səudiyyə Ərəbistanı), Gevorq Manukyan (Ukrayna) və Fransua Drapoya (Kanada) qalib gəlsə də, yarımfinalda Nikola Çilardın (Fransa) müqavimətini qıra bilməyib. Tçkayev bürünc medal uğrunda Abılayxan Jubanazarla (Qazaxıstan) üz-üzə gəlib. Rəqibini "ippon"la məğlub edən Zelim “Böyük Dəbilqə”nin bürünc medalını qazanıb.
Xatırladaq ki, daha əvvəl 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev bürünc medala sahib çıxmışdı. Yarışa oktyabrın 23-də yekun vurulacaq.