Azərbaycan cüdoçusu DÇ-də bürünc medal qazandı
- 11 Okt 2022 17:39
- 483
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın sonuncu cüdoçusu - 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev də mübarizəyə qoşulub.
O, 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxlə üz-üzə gəlib. Bu rəqibinə qalib gələn Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı da mübarizədən kənarlaşdırıb. 1/4 finalda mundialın son qalibi Jorje Fonsekanı (Portuqaliya) da məğlub edən Azərbaycan cüdoçusu yarımfinala yüksəlib. Finala gedən yolda kanadalı Kayl Reyeslə üz-üzə gələn təmsilçimiz bu görüşdə məğlub olub. Bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) qalib gələn Kotsoyev bürünc medala sahib çıxıb.
Beləliklə, Azərbaycan cüdoçuları DÇ-də fərdi mübarizəni iki bürünc medalla başa vurublar. Daha əvvəl Hidayət Heydərov (73 kq) da üçüncü yeri tutmuşdu. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.